Press "Enter" to skip to content

Günay Əfəndiyevanın müsahibəsi “Tribuna”da

Son yeniləmə: 29 Dekabr 2021 20:51

Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibəsi Polşanın tanınmış “Tribuna“ qəzetində dərc olunub.

Bu barədə bayraqdar.info-ya dekabrın 29-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Bildirilib ki, G.Əfəndiyeva dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin Azərbaycan və dünya ədəbiyyatındakı rolu ilə bağlı sualları cavablandıraraq, şairin yaradıcılığının dünya ölkələrində geniş təbliğinin vacibliyindən danışıb.

Fondun prezidenti Nizami Gəncəvini Azərbaycan, türk dünyası və bütövlükdə dünya ədəbiyyatının zirvələrindən biri kimi qiymətləndirərək, əsrlər keçməsinə baxmayaraq, şairin yaradıcılığının öz aktuallığını qoruduğunu bildirib.

G.Əfəndiyeva Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncədə yaşayıb-yaradan Nizami Gəncəvinin dünyamiqyaslı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb. Bütün türk dünyasının dahi sənətkarı Nizaminin yaradıcılığının Homer, Firdovsi, Dante, Servantes, Şekspir, Höte, Tolstoy yaradıcılığı kimi milli hüdudlarla məhdudlaşmadığı bildirilib.

Fondun prezidenti Nizaminin poeziyasının multikultural bəşəri ideyalar baxımından zəngin olduğunu vurğulayıb. Şairin müxtəlif xalqların nümayəndələrinin obrazlarını öz əsərlərində yaratmaqla müasir dövrümüzlə səsləşən dəyərlər toplusu formalaşdırdığını qeyd edilib.

G.Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami İli” elan etməsinin bütün Türk dünyasının ədəbiyyatı və mədəniyyətinə verilən yüksək dəyər olduğunu bildirib.

O, “Nizami Gəncəvi İli” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən silsilə tədbirlərin keçirildiyini, o cümlədən içərisində uşaqlar üçün də uyğunlaşdırılmış müxtəlif dillərdə şairin kitablarının çap olunduğunu deyib. Azərbaycan və Türkiyədə Fondun himayəsi altında yaradılmış “Dədə Qorqud” Kamera Orkestrının ifasında şairin şeir və poemalarına bəstələnmiş musiqi əsərlərindən ibarət ədəbi-bədii gecələrin təşkil edildiyi, eləcə də Azərbaycanın Polşadakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində polyak dilində hazırlanmış Nizami poeziyasının nümunələrindən ibarət kitabın işıq üzü gördüyü və dahi mütəfəkkirin Polşada yubileyinin qeyd olunduğunu diqqətə çatdırılıb.

Mission News Theme by Compete Themes.