Son yeniləmə: 29 Dekabr 2021 11:15
Bayraqdar.info – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Dövlət Agentliyindən (AAYDA) bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Füzuli-Hadrut avtomobil yolunun uzunluğu 12 kilometrdir. Birinci texniki dərəcəli bu yol başlanğıcını“Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
“Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə14 metr təşkil edəcək. Avtomobil yolunda hazırda torpaq işləri icra olunur. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Artıq ilk 8 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.
“12 km uzunluğa malik Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı yol boyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır. Bundan başqa yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində iki aşırımlı avtomobil körpüsünün inşası nəzərdə tutulub.
“İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintiniAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin“16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə yerli şirkət “Azvirt” MMC birgə icra edir.
“Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
“Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir”, – deyə xəbərdə bildirilir.