Son yeniləmə: 29 Dekabr 2021 09:58
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram mərasimi keçirilib. KKTC-də fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) tərəfindən təşkil edilən tədbirdə Cümhurbaşqanı Ersin Tatar da iştirak edib.
Bu barədə bayraqdar.info-ya AKDC-nin rəhbəri Orxah Həsənoğlu məlumat verib.
Bildirilib ki, Cümhurbaşqanı Ersin Tatar, Girnə Amerikan Universitetinin İdarə Heyətinin sədri Serhat Akpınar və digər nüfuzlu şəxslərin qatıldıqları mərasimdə yerli ictimaiyyətin görkəmli nümayəndələri, ziyalılar, elm və mədəniyyət xadimləri, bölgədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirdə çıxış edən E.Tatar bayram münasibətilə azərbaycanlıları təbrik edib, KKTC-Azərbaycan dostluq, qardaşlıq əlaqələrindən danışıb.
Çıxışında Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək ona ən xoş arzularını çatdıran E.Tatar deyib: “Kıbrıs türkləri çox ağrı-acılar çəkiblər. Bu çətin günlərdə hər zaman ana vətən Türkiyə yanımızda olub. Azərbaycanlı qardaşlarımızın bizə ürəkdən bağlı olduğuna da əminik”.
Mərasimdəki çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün elan olunmasıtarixi barədə ətraflı məlumat verən O.Həsənoğlu həmçinin Vətən müharibəsindəki tarixi Zəfərimizdən də danışıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfər dünya azərbaycanlıları arasındakı bu birliyi daha da möhkəmləndirib.
Tədbirdə həmçinin KKTC-də yaşayan soydaşımız professor Fəxrəddin Məmmədov və tanınmış bəstəkar Cavanşir Quliyev bayram təbriklərini çatdırıb, xalqımızın birlik və bərabərliyindən bəhs ediblər.
Daha sonra tədbir musiqili proqramla davam edib. Musiqili proqram Budapeştdəki türk icmasının nümayəndələrinin milli musiqi alətlərində ifası ilə davam edib.