Son yeniləmə: 29 Dekabr 2021 13:34
Bayraqdar.info – “Bu ilki layihələr çərçivəsində Azərbaycan Film Komissiyasının yaradılması, “Azərbaycanfilm” Kinostudiyasında aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı, “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi və digər layihələri qeyd etmək olar. Məhz bu hədəf üzrə il ərzində 40-dək bədii, sənədli və animasiya filmi çəkilib. Filmlərimiz beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb”.
Bu sözləri mədəniyyət naziri Anar Kərimovun ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransda bildirib.
O deyib: “29 ildən sonra azad Şuşada “Xarıbülbül” Musiqi Festivalı, XVI Beynəlxalq Bakı Caz Festivalı, Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Vətən müharibəsində Qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsi və digər layihələr ilin musiqi mənzərəsinin zənginliyindən xəbər verir.
“Pandemiya şərtləri daxilində 2021-ci ildə teatr sahəsində də müəyyən uğurlar oldu. “4.4” Qısa Tamaşalar Festivalı, “Qalib olan Azərbaycan” Tamaşalar Festivalı, habelə Mədəniyyət Nazirliyinin teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsi üzrə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya bu sahənin inkişafı məqsədi daşıyırdı”.