Bayraqdar.info – Açığı, bunu da görmək istəməzdim. Şəxsən bu duruma düşməmək üçün elmdən uzaqlaşmışam. Danışım, bəlkə də ibrət olsun.
Söhbət bugünlərdə sosial mediada paylaşılmış bir şəkildən gedir. Azərbaycan Milli Elmlər Akademiyasında bir qrup alimə ərzaq yardımı edildiyinin sübutu kimi paylaşılan o şəkil doğrudan da ürəkağrıdandır. Yəni niyə axı alim ərzaq yardımına möhtac buraxılmalıdır?
…1998-ci ildə aspiranturaya qəbul edilmişdim. AMEA Nizami ad. Ədəbiyyat İnstitutuna. Yaxşı da oxuyurdum. Yarımştat elmi işçi kimi işləyirdim də. Həvəsli idim elmə. Elmi rəhbərim də çox dəyərli insan, alim, milli aydınımız, artıq uçmağa varmış Prof. Dr. Elməddin Əlibəyzadə idi. Mövzu da ürəyimcə idi: “Oğuz epik ənənələrinin formalaşmasında Şumer mədəniyyətinin rolu”. Müəyyən araşdırmalar da aparmışdım, sevərək elm yolunda addımlayırdım.
Lakin bir durum məni çox narahat edirdi. Hər dəfə İnstituta gedəndə, oradakı alimlərlə ünsiyyətdə olanda fikir məni boğurdu. Çünki hansı otağa girirdimsə, içəridə nisbətən yaşlı, əynində bəlkə də 20 ildən qalma nimdaş pencək olan, həqiqətən də özünü elmə həsr etmiş adamlara rast gəlirdim. Bu isə məni qorxudurdu. Düşündürürdü həm də. Yəni mən də elm yolunda davam eləsəm bunlar kimi bir pencəyi 20 il geyinməli olacağam? Əlbəttə, əli-ayağı sağlam, beyni yerində olan birisi kimi bunu özümə rəva görə bilməzdim…
Oxudum, imtahanlarımı verdim. Yeri gəlmişkən, haşiyə çıxaraq iki məsələni də burda qeyd etmədən keçə bilmərəm.
İngilis dili dərsindən azad idim
Aygün xanım adlı ingilis dili müəllimimiz vardı. Məni ingilis dili dərsindən azad etmişdi. Çünki orada ingilis dilini az qala sıfırdan başlayırdılar. Mənsə ingilis dilində danışırdım. Ona görə də Aygün xanım dedi ki, “sən əziyyət çəkib dərsə gəlmə, imtahana gələrsən”. İmtahana gələndə də mənə xeyli heyrətləndilər. Tərcümə mətni vardı. İngiliscəyə çevirməli idim. Özü də nə olsa yaxşıdır? Kəlimeyi-şəhadət. Onu ingiliscəyə çevirdim, imtahan götürən müəllimlər heyrətlə baxdılar və 5 yazdılar.
Beləcə oxuyurdum. 1999-cu ildə Kanadada oxumaq üçün təqaüd qazandım. Və getdim. Kanadada oxuyarkən əlavə olaraq bir həftəlik veb-dizayn kursuna da cəlb edildim. Kursu bitirəndə şəxsi internet saytımı qurub təhvil verdim. Düz 22 iyul 1999-cu ildə, Ottava şəhərində, Azərbaycan mediasının bayram günündə etdim bunu. Özü də bu Azərbaycanın ilk şəxsi internet saytı olaraq tarixə keçdi: azerhasret.com. Eyni zamanda Kanadadan elmi işimlə bağlı xeyli kitab da aldım və geri dönərkən Azərbaycana gətirdim…
Kompyuteri bilsəm də imtahanda çətinliyim oldu
Kanadadan sonra aspiranturada təhsilimi davam etdirdim. Kompyuterdən imtahan vardı. Mənsə heç dərsə getməmişdim. Lakin İnstitutdan göndəriş alıb imtahana qatıldım. Hazırda İnformasiya Texnologiyaları İnstitutunun direktoru olan Rasim Əliquliyev götürürdü imtahanı. Mənə baxdı, dedi ki, sən axı heç dərsə gəlməmisən, necə edək? Dedim ki, gəlməyimə də gərək yoxdu, çünki mən sizin öyrətdiyiniz elementar kompyuter bilgilərini çoxdan mənimsəmişəm. Hələ üstəlik internet saytı da qura bilirəm. Şərait yaradın, sayt qurmanı göstərim. Cavabı bu oldu ki, “burda internet nə gəzir?” “Onda qiymətimi yazın, gedim” deyə müraciət edincə, “Bilet çək, cavab ver” cavabını aldım. Qayıtdım ki, “O biletdə nəzəriyyə suallarıdır, mən də onları yəqin ki, bilmirəm. Amma icazə verin, kompyuterlə hansı əməliyyatı istəsəniz göstərə bilərəm”. Bu dəfə də cavab bu oldu ki, “O nəzəriyyə mütləqdir”. Nə isə, axırda mənə bir 4 yazdı, sağollaşdıq…
İndi yenə də bu ərzaq yardımı məsələsinə qayıdıram. İllər öncə mən də o elm yolunu tutub davam etsəydim, yəqin ki, yardıma ehtiyacı olanlardan biri idim. Belə elm olarmı? Belə alimlik olarmı? Əsla olmaz!
Elm adamı nəinki yardıma ehtiyac duymamalı, əksinə, özünün başqalarına yardım etməsi üçün imkanları olmalıdır. Dövlət elmə, elə AMEA-ya da kifayət qədər pul ayırır. Amma alimlərimiz və elmimiz buna uyğun şəraitlə təmin edilirmi? Ərzaq yardımı söhbətini nəzərə alsaq, adamların ehtiyac içində olduğunu görərik.
Belə elm olmaz. Elm bu yolla inkişaf edə bilməz. İnsanlar illərini – bütün ömürlərini elmə həsr edib sonda ərzaq yardımına möhtac olacaqsa və mənim kimi elm aşiqləri də bunu görüb yolun yarısından dönəcəksə hansı elmdən danışmaq olar?
Bir sual da odur ki, niyə AMEA kimi qos-qoca elm məbədində işləyən elm adamları bu yardıma möhtac duruma düşməlidir? Mümkün deyilmi ki, AMEA bu problemi kökündən həll etmək üçün alternativlər üzərində işləsin, dövlətin ayırdığı maliyyədən daha səmərəli istifadə etsin?
Elm adamlarına süni əngəllər törədilir
Hələ biz nəzərə alaq ki, bu elm aşiqləri elmi adlarını almaq üçün elmi işlərini müdafiə edərkən hansı məşəqqətlərlə üz-üzə qalıblar. Rüşvətxor, çox zaman da elmə dəxli olmayan bəzi səlahiyyət sahibləri indinin özündə də həqiqi elm yolçularına min cür problem yaradır. İllərlə elmi ad üçün süründürülən istənilən qədər gənc var ətrafda. Bu gənclər rüşvət vermədiyi üçün, kiminsə bığının altından keçmədiyi üçün süründürülür. Onların könül verib gerçək elmi icraatlar təqdim etməsi ilə heç kim maraqlanmır. Belə olmamalıdır axı.
Yaxud da elmin əlifbasından belə xəbəri olmayan istənilən qədər şəxs var ki, elmi adları rüşvətlə satın alıb ortalıqda dolaşırlar. Yeri gəlmişkən, bu kateqoriyadan olanların ərzaq yardımına ehtiyacı da olmur. O yardım alanlar bir qayda olaraq əsl elm adamlarıdır…
Sözümün canı odur ki, bu qədər yüksək inkişaf mərhələsinə çatmış Azərbaycanda elm adamlarının maddi-sosial problemlərini də kökündən həll etməyin vaxtı çatıb. Elm və təhsil sahəsində əməkhaqlarının optimallaşdırılması artıq günün tələbidir. Bu edilməzsə, nə elm olacaq, nə də gerçək alim. Belə olan halda isə heç AMEA adlı o nəhəng, lakin bəzən içi boş quruma da ehtiyac qalmayacaq…