Son yeniləmə: 29 Dekabr 2021 15:30
Bayraqdar.info – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətində millət vəkilliyinə namizədlərin yekun siyahısı bəlli olub. Belə ki, dekabrın 27-də Yüksek Seşim Kurulu (YSK) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısını açıqlayıb. Bəlli olub ki, indiki 50 deputatdan 40-ı yenidən namizəddir.
Ən gənc namizədlər 25 yaşında
KKTC mediasının məlumatına görə, ümumiyyətlə yanvarın 23-də keçiriləcək seçkidə 6 rayondan 403 namizəd iştirak edir. Onlardan 400-ü 8 siyasi partiyanı təmsil edir, 3-ü isə müstəqil namizəddir. Namizədlərin 131-i qadındır. Namizədlər arasında 1990-cı il təvəllüdlülər də var. Ən gənc namizədlər Müstəqillik Yolu və TDP-dəndir. Hər iki partiyanın deputatlığa 1996-cı il təvəllüdlü namizədləri var. 25 yaşında deputatlığa namizədlər TDP-dən Elif Özyiğit Cengiz və Müstəqillik Yolundan Serap Kedidir.
Dekabrın 28-dən etibarən partiyaların və müstəqil namizədlərin təbliğat dövrü başlayıb. Seçki təbliğatı səsvermə gününə bir gün qalmış, yəni yanvarın 22-də başa çatacaq.
Müstəqillik Yolu ilk dəfədir ki, seçkiyə qatılır
Hazırda Milli Məclisdə UBP, CTP, HP, TDP, DP və YDP olmaqla 6 siyasi partiya təmsil olunur. Yanvarın 23-də keçiriləcək seçkidə isə 8 siyasi partiya iştirak edir. Bunlar arasında Müstəqillik Yolu ilk dəfədir ki, seçkidə iştirak edir.
Qadın namizədlərin bol olduğu seçki
Seçkidə iştirak edən bütün siyasi partiyalar öz namizədlərini gender kvotasına uyğun müəyyənləşdiriblər. Ən çox qadın namizədi olan partiyalar isə HP və YDP-dir. Hər iki partiyanın 18 qadın namizədi var.
Digər tərəfdən, Müstəqillik Yolu və TKP-YG-nin Güzelyurtdakı bütün namizədləri qadındır.
Kıbrıs Türk Agentliyinin (T.A.K.) siyasi partiyalardan əldə etdiyi məlumata görə, UBP-nin 15, CTP-nin 15, Müstəqillik Yolunun 17, TDP-dən 16, TKP-YG-nin 17 qadın namizədi var.