Son yeniləmə: 28 Dekabr 2021 11:35
Bayraqdar.info – Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilati dəstəyi ilə “Şəhid Övladlarına Yeni İl Sevinci Yaşat!” layihəsi həyata keçirilib. Layihə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları”nın məzunlarının təşəbbüsü və könüllü xeyriyyə dəstəyi ilə baş tutub.
Təhsil Nazirliyindən dekabrın 28-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, layihənin həyata keçirilməsində 100-ə yaxın DP və HTP tələbə və məzunu, eləcə də Nazirliyin müvafiq struktur bölmə əməkdaşları yaxından iştirak edib.
Layihə çərçivəsində Gəncə, Mingəçevir, Bərdə və Tərtər üzrə məktəbli olan 130-a yaxın şəhid övladının arzu və istəkləri sorğu edilib. Dekabrın 25-də isə həmin şəhər və rayonlara səfər təşkil edilib. Səfər zamanı 30-a yaxın DP və HTP tələbə-məzunu, eləcə də nazirliyin bir qrup nümayəndəsi şəhid övladı olan məktəblilərə hədiyyələrin təqdim edilməsində iştirak ediblər.
Səfər çərçivəsində regional təhsil idarələrinin və məktəb direktorlarının köməyi ilə ümumilikdə 70-ə yaxın ailə ziyarət edilib. Səfər zamanı DP və HTP tələbə və məzunlar nazirliyin nümayəndə heyəti ilə birlikdə həmin şəhər və rayonlarda olan Şəhidlər xiyabanlarını da ziyarət ediblər.