Son yeniləmə: 27 Dekabr 2021 23:51
Bayraqdar.info – “Türk dünyasının daha dərin inteqrasiyası eyni zamanda təhsildən keçir. Hesab edirəm ki, ilk olaraq bütün türk dövlətlərində ortaq tarix dərslərinin tədrisi reallaşmalıdır. Əslində, Türk Dövlətləri Təşkilatının 2023 vizyonuda bu məsələ öz əksini tapıb”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Denizli şəhərindəki Türk Anadolu Liseyinin tarix müəllimi Sedat Serdaroğlu deyib.
Müsahibimiz inteqrasiyanın təhsil qolu ilə bağlı bir təklif də irəli sürüb: “Uzun illərdi Türkiyənin liseyləri ilə Avropanın ayrı-ayrı ölkələrinin liseyləri arasında əlaqələr qurulub. Müəllim və şagirdlərin qarşılıqlı səfərləri olur. Hesab edirəm ki, növbəti mərhələdə bu cür proqramlar türk dövlətlərinin liseyləri arasında həyata keçirilsə daha yaxşı olar. Məsələn deyək ki, türk dövlətlərinin özəl günlərində ora səfərlər təşkil edilir, lisey şagirdləri arasında təmaslar qurulur”.
S.Serdaroğlu deyib ki, bu cür səfərlər türk dünyasının gələcəyinə qoyulmuş çox böyük sərmayə ola bilər: “Çünki bu cür səfərlər türk dünyasının inteqrasiyanın daha da dərinləşdirməklə yanaşı aramızdakı bağları möhkəmləndirmiş olacaq. Türk dünyasının gələcək idarəçiləri olan bu günkü uşaqlar və gənclər qardaş ölkələri daha yaxından tanıyacaqlar. Hazırda qısa müddətdə həyata keçirilə bilinəcək ən dəyərli təşkilati iş bu istiqamətdə olmalıdır”.
Müsahibimiz vurğulayıb ki, hazırda Denizlidə bu istiqamətdə bəzi təşəbbüslər edilir: “Denizlidən Bakıya, Bakıdan da Denizliyə bu cür səfərlərin olması üçün çalışırıq. Bu ilin fevralında Denizliyə gələn, hazırda isə ABŞ-da səfir olan Xəzər İbrahim bəylə də bu barədə danışmışdıq, o da bu ideyanı dəstəkləmişdi. İnşallah pandemiya bitərsə şagirdlərimizi Azərbaycana aparmaq istəyirik. Biz bir neçə il öncə liseyimizdə “Xocalı çalşma qrupu” yaradaraq Denizli ilə Azərbaycan arasında bir körpü qurduq. İndi isə bu körpünün bizim birliyimizin, qardaşlığımızın daimi olmasında, daha da güclənməsində önəmli bir rol oynaması üçün növbəti addımlar atmağın vaxtıdır”.