Son yeniləmə: 28 Dekabr 2021 11:30
Bayraqdar.info – Rusiya milli respublikaları və onların xalqlarını sıxışdırmaq üçün daha bir addımı gerçəkləşdirib. Dekabrın 21-də Prezident Vladimir Putin “Rusiya Federasiyası subyektlərində dövlət hakimiyyətinin təşkilinin ümumi prinsipləri haqqında” qanunu imzalamaqla bu dövlətin çağdaş insan hüquqları dəyərlərinə sayğısızlığını bir daha təsdiq edib.
Hüquq informasiya portalında dərc edilən qanuna görə, artıq Rusiya ərazisindəki federal subyektlərin rəhbərlərinin vəzifəsi “prezident” adlana bilməz.
Məsələyə münasibət bildirən Tatarıstan Prezidenti Rüstəm Minnixanov deyib ki, Respublika buna qarşı olsa da qeyd olunan qanuna tabe olmağa məcburdurlar. O, bu fikirlərini Tatarıstan mediasına verdiyi açıqlamada deyib.
Qeyd edək ki, bu məsələ illərdir müzakirə mövzusu idi. Rusiya milli özünüdərki əngəlləmək üçün Federasiya subyektlərini mümkün qədər məhdudlaşdırmaq üçün hər cür üsula əl atırdı. Lakin Tatarıstan özünün mövqeyini qorumağa çalışır və buna nail olurdu.
Hələ 1994-cü ildə Rusiya və Tatarıstan arasında səlahiyyətlərin bölünməsinə dair müqavilə imzalanmışdı. Bu müqavilənin müddəti 2017-ci ildə bitincə Kreml onu uzatmaqdan imtina etmişdi. Bununla belə 2020-ci ilə qədər Tatarıstan rəhbərinin “prezident” adlanmasına razılıq verilmişdi.
İndi isə yeni qanun qəbul edilib və qanuna görə Tatarıstan Prezindentinin vəzifəsi 2022-ci ilin iyunundan sonra “başçı” kimi qeyd ediləcək. Bu isə o deməkdir ki, bütöv bir respublikanın rəhbəri adicə rayon rəhbərləri kimi eyni vəzifənin daşıyıcısı olacaq…
Göründüyü kimi, Rusiya özünün imperiya xislətindən əl çəkə bilmir və buna heç cəhd də göstərmir. Hər dəfə bir bəhanə ilə milli subyektlərə qarşı çağdaş insan hüquqlarına zidd addımlar atılır. Belə olan halda Rusiya subyektlərində yeni bir milli hərəkatın başlayacağını proqnozlaşdırmaq olar.
Onu da əlavə edək ki, bir neçə il öncə Rusiya dövləti ölkə ərazisində kirildən başqa əlifbanın istifadəsini də yasaqlamışdı. Tatarlar da daxil olmaqla türk xalqları müstəqil türk dövlətlərində istifadə edilən latın əlifbasına keçidə başlamışdılar. Rusiya dövləti bunun türk xalqları arasında yaxınlaşmaya səbəb olacağını nəzərə alaraq yalnız kiril əlifbasından istifadəni məcburi edən qanun qəbul etmişdi…