Son yeniləmə: 28 Dekabr 2021 09:28
Bayraqdar.info – “Tarixçilərin dediyinə görə, XII əsr Azərbaycan tarixinin qızıl dövrüdür. Əgər elədirsə, bu qızıl tacın ən parlaq incisi Nizami Gəncəvidir. 9 əsrə yaxın zaman keçməsinə baxmayaraq, bu incinin parlaqlığı zərrə qədər də azalmayıb, əksinə, özündən sonra gələnlərin çoxunu kölgədə qoyub.”
Bu sözlər Azərbaycan Milli Elmlər Akademiyasının saytında dərc edilmiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin biblioqrafik göstəricisinə aid xəbərdə yer alıb.
Xəbərdə daha sonra deyilir ki, “dünya ədəbiyyatı tarixinə xalqının adını qızıl hərflərlə həkk etmiş şairimizin ədəbi irsi təkcə öz ölkəsində deyil, dünyada sevilir və öyrənilir. Nizamini ölməzliyə qovuşduran ən başlıca cəhət yazdığı hər bir misranın bütün dövrlər üçün aktual olmasıdır. Nə qədər bəşəriyyət – insanlıq var olacaq, Nizami də var olacaq və bütün zamanların şairi kimi seviləcək. Təsadüfi deyil ki, onun aforizmləri, hikmətli sözləri xalqın dilindən düşmür. Gənclərimiz hər zaman olduğu kimi, bu gün də elmə, ədəbiyyata, sevgiyə, Vətənə münasibəti onun əsərlərindən əxz edir”.
“Nizami irsi əsrlərlə özünə dünyanın hər yerindən onlarla tədqiqatçı cəlb edib və yüzlərlə tədqiqat əsərləri yaranıb. Dünya durduqca bu irsin yaşayacağı və yeni-yeni tədqiqatların obyektinə çevriləcəyi şübhəsizdir. Hər gələn nəsil Nizaminin əsərlərində özünü, öz dövrünü, mühitini görəcək və onu incələmək, ondan öyrənmək ehtiyacı duyacaq. Bu mənada kitabxanaların üzərinə çox böyük və məsuliyyətli vəzifə düşür. Biz kitabxanaçılar bu irsi göz bəbəyi kimi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq”, – deyə xəbərdə qeyd edilir.
AMEA-nın xəbərində bildirilir ki, qurumun Mərkəzi Elmi Kitabxanası öz fondlarında olan materiallar əsasında böyük şairin biblioqrafik göstəricisini hazırlayıb. Göstəricidə şairini azərbaycan və digər dillərdə olan əsərləri, onlardan parçalar, haqqında olan nəşrlər, dissertasiyalar toplanıb. Göstəriciyə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ön söz yazıb. O, ön sözdə görülən işə görə MEK əməkdaşlarına minnətdarlıq da ifadə edib.
N.Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş göstəricinin redaktoru AMEA MEK-in baş direktoru, Prof. Dr. Məmməd Əliyev, tərtibçiləri MEK-in icraçı direktoru, Dos. Dr. Şəhla Tahirqızı, Biblioqrafiya şöbəsinin baş biblioqrafı Nərgiz Novruzova və biblioqraf Türkan Vahidovadır. Göstəricini hazırlayanları AMEA Rəyasət Heyəti Fəxri fərmanla təltif edib.