Son yeniləmə: 27 Dekabr 2021 23:50
Bayraqdar.info – “Müasir dövrdə müharibələrdə uğur qazanmağın bir çox şərtləri var. Bunların başında dayanan əsas şərtlər isə dövlətin iqtisadi cəhətdən güclü olması və bu gücün, bu iqtisadi imkanların ordunun gücləndirilməsinə yönəldilməsi, güclü liderin, Müzəffər Ali Baş Komandanın, həmçinin xalq-hakimiyyət birliyinin mövcud olmasıdır”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, müharibəni bütövlükdə xalq, dövlət aparır: “Ordu isə bu müharibənin döyüş hissəsini aparır. Təbii ki, dövlət qayğısı ilə yanaşı ordunun peşəkarlığı, vətənpərvərlik ruhunun güclü olması müharibədə qalibiyyəti təmin edən başlıca amillərdəndir. Onu da deyim ki, müasir müharibələrdə bu cür yüksək peşəkarlığa və vətənpərvərlik ruhuna malik olan xüsusi təyinatlılar özəl bir yerə sahib olurlar. Hər cür fövqəladə şəraitə hazır olan, ən çətin şəraitdə belə qarşıya qoyulan tapşırıqları yerinə yetirən xüsusi təyinatlılara-komadolara malik ordular hər zaman fərqlənir”.
Müsahibimiz deyib ki, Azərbaycanda da bu istiqamətdə mühüm addım atılıb: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hadrut qəsəbəsində hərbi hissənin açılışında bəyan etdiyi kimi müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Artıq Hadrutdakı hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Dövlət başçısının da qeyd etdiyi kimi Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər”.
E.Həsənli bildirib ki, bu bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq: “Belə briqadalar çox olacaq və minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır. Onu da deyim ki, 44 günlük Vətən müharibəsində də xüsusi təyinatlıların rolu böyükdür. Hər kəs bilir ki, onlar Şuşada inanılmaz qəhrəmanlıqlar göstərdilər. Hazırda da Azərbaycanda bütün növ Komando birqadaları yaradılır və qısa müddətdə bu proses yekunlaşacaq”.
Qeyd edilib ki, bu proses qardaş Türkiyə ilə birgə aparılır. Komandolarımız Türkiyədə təlimlərdə iştirak edirlər: “Hesab edirəm ki, yaxın zamanlarda Hadrutdakı hərbi hissələr kimi bir neçə yeni hərbi hissə açılacaq. Bununla da həm xüsusi təyinatlı qüvvələrin ehtiyatı çox olacaq, həm də bəzi tapşırıqları korpusların və hərbi hissələrin öz komanda birlikləri həyata keçirəcək”.
“Cənab Prezidentin öz ad gününü, 60 illik yubileyni komandolarla keçirməsinin də xüsusi rəmzi mənası var. Yəni bununla dövlət başçımız bir daha mesaj verdi ki, Azərbaycanda orduya diqqət və qayğı ən yüksək səviyyədədir, bu siyasət davamlı olacaq”, – deyə E.Həsənli sonda əlavə edib.