Press "Enter" to skip to content

“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsinin əhatə dairəsi genişlənir

“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi

Son yeniləmə: 27 Dekabr 2021 16:54

Bayraqdar.info – Bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə effektivliyini artıraraq yüksək məhsuldarlığın əldə edilməsi və fermer xərclərinin optimallaşdırılması məqsədilə 2021-ci ilin birinci rübündə Kənd Təsərrüfatı Nazirliyi “Rəqəmsal Kənd Təsərrüfatı” layihəsini başlayıb. İlkin mərhələdə pilot layihə olaraq Quba və Qusar rayonlarında fəaliyyət göstərən 4 iqlim stansiyası əhatəsindəki alma, gilas, şaftalı və nektarin təsərrüfatları ilə məşğul olan 5 min 800-dən artıq fermer hədəf seçilib. Cari ildə dəmgil, boz çürümə, deşikli ləkəlilik, yarpaq qıvrılması və s. xəstəlikləri, alma meyvəyeyəni zərərvericisi haqqında fermerlərə, ümumilikdə, 20 min 583 SMS bildirişi göndərilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bayraqdar.info-ya bildiriblər ki, stansiyalar üzərində quraşdırılmış sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaqların nəm qalma müddəti, yağıntıların düşmə vaxtı və küləyin sürəti barədə məlumatları toplayır. Bu məlumatlar süni intellekt vasitəsilə emal edildikdən sonra yekun nəticələr Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Xəstəlik və zərərvericilərin yayılması üçün uyğun şərait qeydə alındıqda, mövcud risklə bağlı fermerlərə SMS bildirişlər göndərilir.

“Risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı “Telegram” kanalı yaradılıb. Bu kanalla, həmçinin fərdi olaraq keçirilmiş qiymətləndirilmələrdə layihə fermerlər tərəfindən müsbət dəyərləndirilib.

“Bunları nəzərə alaraq, “Rəqəmsal Kənd Təsərrüfatı” layihəsinin əhatə dairəsinin genişləndirilməsi 2022-ci il üçün hədəf qoyulub və bu istiqamətdə işlərə başlanıllıb. Belə ki, növbəti ildə Cəlilabad rayonu ərazisində kartofda fitoftora, alternarioz, qara-ayaq və kolorado kartof böcəyi üzrə, Zaqatala rayonu ərazisində isə fındıq təsərrüfatlarında unlu şeh və antraknoz xəstəlikləri üzrə fermerlərə müvafiq SMS bildirişləri göndəriləcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.