Press "Enter" to skip to content

Kukla Teatrı 90 illiyini qeyd etdi

Azərbaycan Dövlət Kukla Teatrı

Son yeniləmə: 27 Dekabr 2021 10:08

Bayraqdar.info – Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib.

Teatrdan bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyi nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Teatrın keçdiyi uzun və zəngin yola nəzər salınıb.

“Əvvəlcə mədəniyyət naziri Anar Kərimovun yubileylə bağlı təbrik məktubu oxunub. Bildirilib ki, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Xorvatiya, Rusiya, Gürcüstan və başqa ölkələrdə teatr uğurla çıxış edib. Teatrın hazırladığı tamaşalar hər zaman azyaşlı tamaşaçıların rəğbətini qazanıb.

“İncəsənətin televizor və kompüter, telefon ekranları ilə rəqabətdə olduğunu deyən Elnur Əliyev bildirib ki, bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir. Nazir müavini Kukla Teatrının bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracağına inamını ifadə edib. O, teatrsevərləri, kuklaçıları təbrik edib və bildirib ki, teatr mədəniyyət nazirliyi üçün ən vacib sahələrdən biridir və bu ənənəni qorumaq lazımdır.

“Sonra teatrda fərqlənən aktyorlara Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.

“Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov İttifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırıb. Sonra Kukla Teatrın bir sıra aktyor və yaradıcı heyəti milli teatrın inkişafında xidmətlərinə görə Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunublar”, – deyə məlumatda bildirilir.

Daha sonra tədbirdə Teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edilib. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiya olunub. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri çatdırılıb.

Teatrdan qeyd edilib ki, Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli qoyub. 1932-ci ildə kollektiv “Sirk” adlı tamaşa ilə səhnəyə çıxıb. Bu günədək 600-dən artıq tamaşa hazırlayan teatr daim rəngarəng və zəngin repertuarı ilə seçilir. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Teatrda Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzi yaradılıb və Teatr qurumla six yaradıcılıq əlaqələri saxlayır.

Mission News Theme by Compete Themes.