Son yeniləmə: 27 Dekabr 2021 10:38
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib. Görüş istehlakçı hüquqlarının qorunmasında sistemli yanaşmanı tətbiq etmək məqsədilə baş tutub.
Bu barədə bayraqdar.info-ya dekabrn 27-də Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Qeyd olunub ki, şikayətlərin məzmunu fərqli olsa da, ümumi problem sahibkarların bu sahəyə olan yanaşması ilə əlaqədardır. Bunun üçün Dövlət Xidməti sahibkarlara fəaliyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi ilə bağlı təkliflər verib.
Qeyd edilib ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyinartırılması vacib şərtlərdəndir. Bununla yanaşı, servis mərkəzlərində nasaz məhsula dair istehlakçıya təqdim edilən sənəddə rəy verən mütəxəssis və yoxlama üsulu haqqında ətraflı məlumat əks olunmalıdır.
Tədbirdə həmçinin, yerli onlayn ticarət platformaları barədə də fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu sahədə əsas problem anbarda mövcud olmayan məhsulların onlayn təklif edilməsidir. Sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır. Müştərilər alqı-satqı və zəmanət şərtləri ilə tanış olduqdan sonra məhsulu əldə etməlidirlər.
Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Həmçinin istehlakçı məmnuniyyətinə nail olunması barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.