Press "Enter" to skip to content

“İçərişəhər” metrostansiyasında Yeni il şənliyi

"İçərişəhər" metrosunda Yeni il şənliyi

Son yeniləmə: 27 Dekabr 2021 12:47

Bayraqdar.info – Bakı Metropolitenində bayram ovqatlı rəngarəng tədbirlər isə dekabrın 29-dan başlayaraq yeni ilin ilk gününə qədər davam edəcək.

Metropolitenin Mətbuat xidmətindən dekabrın 27-də bayraqdar.info-ya verilən məlumata görə, dekabrın 29-30-da Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız sərnişinlərlə görüşə gələcəklər. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcəklər. “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı Yeni il şousu təqdim ediləcək. Məşhur nağıl və cizgi qəhrəmanları, sehrbazlar metropolitenin azyaşlı sərnişinlərini əyləndirəcək, onları müxtəlif hədiyyələrlə sevindirəcəklər. Böyük şou-tamaşa nəinki azyaşlı sərnişinlərə, həmçinin tədbir ziyarətçilərinə əyləncəli unudulmaz anlar yaşadacaq.

Tədbirlər “Dj. Kənan”ın ifasında yeni il mahnılarından ibarət kiçik konsertlə davam edəcək.

Dekabrın 31-i və yanvarın 1-də isə metropolitenin daha bir ənənəsinə uyğun olaraq, konsert proqramı təşkil ediləcək. “İçərişəhər” və “28 May” stansiyalarında Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartet canlı musiqi sədaları ilə sərnişinlərin bayram ovqatını daha da yüksəldəcək.

Mission News Theme by Compete Themes.