Press "Enter" to skip to content

Hadrutdakı yenı hərbi hissə bır çox məqamlarına görə əhəmiyyətlidir

Yücel Karauz

Son yeniləmə: 27 Dekabr 2021 01:59

Yücel Karauz: Azərbaycanın cəsur komandolarının ayaq səsləri Yerevanda da eşidildi

Bayraqdar.info – “Azərbaycanda ordu quruculuğunun əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ keçmiş SSRİ dövründə Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlamasına nail oldu. Mən deyərdim ki, bununla da, əslində Azərbaycanda ordu quruculuğunun əsası qoyuldu. Çünki Azərbaycanın müstəqilliyinin ilk illərində orduda döyüşən zabitlərin böyük əksəriyyəti vaxtı ilə bu hərbi məktəbdə təhsil almışdılar”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Azərbaycan ordusu dünyada 55-cı yerdədir

Generalın sözlərinə görə, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə başladığı ilk dövrlərdən etibarən ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərib: “Eyni zamanda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan ordusu dünyanın 184 ölkəsinin ordusu sırasında 55-cı yerdədir. Onu da deyim ki, dünya tarixində qısa müddətdə bu cür yüksək ordu quruculuğuna nail olmaq bu günə kimi başqa bir ölkəyə nəsib olmayıb. Bütün bu uğurların mərkəzində isə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət dayanır. Cənab İlham Əliyev ölkənin iqtisadi inkişafı, sosial islahatlarla yanaşı ordu quruculuğu məsələsini də hər zaman ön sırada tutub. Yəni Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Azərbaycanın dövlət büdcəsindən hər il ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb”.

“Qardaş Azərbaycanın eyni zamanda müdafiə sənayəsini də inkişaf etdirməsini də xüsusi olaraq vurğulamaq istərdim. Həmçinin Vətən müharibəsi Azərbaycanın müdafiə sənayesi sahəsindəki fəaliyyətlərinin də doğru istiqamətdə aparıldığını göstərdi. Bir sözlə, cənab Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısı Azərbaycanın regionda güclü bir dövlət olmasını şərtləndirib”, – deyə, Y.Karauz bildirib.

Azərbaycan bu siyasətin bəhrəsini ötən il 44 günlük Vətən müharibəsində gördü

Türkiyəli general deyib ki, Azərbaycan bu siyasətin bəhrəsini ötən il 44 günlük Vətən müharibəsində gördü: “Həmin müharibə zamanı dünya Azərbaycanın necə güclü, müasir döyüş silahlarına və döyüş taktikasına malik bir orduya, qorxmaz əsgərlərə malik olduğunu gördü. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı bundan sonra da uzun illər öyrəniləcək, tarix kitablarında, hərb tarixi barədə dərsliklərdə bundan bəhs ediləcək”.

Y.Karauz qeyd edib ki, Azərbaycan postmüharibə dövründə də ordu quruculuğu prosesini davam etdirir: “Müharibədən sonra Azərbaycan ordusu üçün həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da deyilənlərə sübutdur. Yəni 44 günlük Vətən müharibəsinin təcrübələrindən yola çıxan Azərbaycan hərbi texnikalarını yeniləmə, yeni taktika və doktrinalara qarşı tədbirlər alma, birliklərin idarəetməsini təkmilləşdirməklə dosta güvən, düşmənə qorxu salacaq regional güc ordusu yaratmaq istiqamətində əzmlə irəliləyir”.

Müsahibimizn sözlərinə görə, Hadrutdakı yenı hərbi hissə bır çox məqamlarına görə əhəmiyyətlidir: “Bunlardan biri Hadrutdakı hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələrinin, komando qüvvələrinin yerləşməsidir. Qeyd edim ki, Komando Briqadasının yaradılması Azərbaycan üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan Azərbaycan övladları bu briqadalarda xidmət edəcəklər”.

Bu islahatların davam etdirilməsi əhəmiyyətlidir

Türkiyəli general deyib ki, ümumiyyətlə quru qoşunları 3 hissəyə ayrılır: “Birincisi normal birliklərdir. Bunlar şərti müharibə tapşırıqlarının icrasında iştirak edir. İkincisi komandodur. Bu, ərazi və iqlim şəraitindən asılı olmayaraq, fəaliyyət göstərmək üçün xüsusi avadanlıqlarla, o cümlədən gecə görüşü, dağ, dərə, maneələrdən keçmə sistemləri ilə təchiz edilmiş hərəkət qabiliyyəti yüksək olan birliklərdir. Üçüncüsü isə xüsusi təyinatlı qüvvələrdir ki, bu da komandoların daha təkmil formasıdır. Bu qüvvələr ordunun icra edəcəyi əməliyyatların şəraitinə görə təşkil edilir. Qonşuları ilə sərhədləri, eyni zamanda əməliyyat icra edəcəyi coğrafiya nəzərə alındıqda, Azərbaycanın normal birliklərdən daha çox havada və quruda tapşırıqları yerinə yetirəcək komando birliklərinə ehtiyacı olduğu görünür. 44 günlük Vətən müharibəsində, xüsusən də Hadrut və Şuşanın alınmasında bu komando birliklərinə nə qədər ehtiyac olduğu bir daha üzə çıxdı. Hansı ki, vaxtında alınmış tədbirlər sayəsində bu qüvvələr yüksək səviyyədə təşkil olunmuşdu”.

Onun sözlərinə görə, dövrün tələbləri ilə ayaqlaşmaq üçün idarəetmə, doktrina, müdafiə sənayesi sahəsindəki fəaliyyətlər dinamik olmalıdır: “Hərbidə belə bir termin var: müharibə üçün yenidən tərtiblənmə və təşkilatlanma. Azərbaycan Vətən müharibəsində qazanmış olduğu təcrübə sayəsində, həmçinin yeni sərhədləri və qonşu ölkələrin coğrafiyaları nəzərə alınaraq, komandoların sayının artırılması reallığı ilə üzləşdi. Bu bir il ərzində normal piyada birlikləri komando birliklərinə çevrildi, eyni zamanda yeni komando briqadaları yaradıldı. Ordunun idarəçiliyində də dəyişikliklər edilərək, dinamik idarəçilik modelinə keçildi. Nəticədə, çox qısa bir müddətdə Azərbaycan Silahlı Qüvvələri müasir dövrün tələbləri, qonşu ölkələrin coğrafiyaları və ordularının imkan qabiliyyətlərinin tələb etdiyi formaya uyğunlaşdı. Əgər idarəetməniz, doktrinanız, müdafiə sənayesi fəaliyyətləriniz müasir və dinamik deyilsə, rəqiblərinizdən geridə qalacaqsınız. Məhz bu kontekstdə Azərbaycanın Ali Baş Komandanının ordu quruculuğuna diqqət və qayğısı Azərbaycanın regionda güclü bir dövlət olmasını şərtləndirib. Bu islahatların davam etdirilməsi əhəmiyyətlidir”.

Türkiyəli general “Bütün bu sadalananlar fonunda dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışı Ermənistana və onu yeni təxribatlara sövq edən ölkələrə də bir mesaj oldu. Əminəm ki, Azərbaycanın cəsur komandolarının səsi Yerevanda da eşidildi”, – deyə sonda əlavə edib.

Mission News Theme by Compete Themes.