Press "Enter" to skip to content

Elnur Niftəliyev: “ASAN xidmət” həm daxildə, həm də xaricdə böyük təqdir toplayıb

Elnur Niftəliyev

Son yeniləmə: 27 Dekabr 2021 14:32

Bu qurum fəaliyyətini vətəndaş məmnunluğunun təmin olunması prinsipi üzərində qurub

Bayraqdar.info – “Azərbaycan modeli olan “ASAN xidmət” qısa müddət ərzində böyük uğurlar qazanıb. Hazırda “ASAN xidmət” həm ölkə daxilində, həm də xaricdə böyük təqdir toplayıb. Təkcə bir faktı deyim ki, keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir”.

Bunu bayraqdar.info-nun sualını cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Hazırda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.

Ötən müddət ərzində görülən işlərə gəlincə E.Niftəliyev deyib ki, hazırda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: “Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Eyni zamanda hazırda Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur”.

Müsahibimiz bildirib ki, “ASAN xidmət” fəaliyyətini vətəndaş məmnunluğunun təmin olunması prinsipi üzərində qurub: “Məhz bundan irəli gələrək, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. Ümumiyyətlə, 2013-cü ilin iyun ayından etibarən 2 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib”.

Digər tərəfdən, “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir: “Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 666 mindən çox vətəndaşın 49 milyondan çox müraciəti daxil olub”.

Könüllülər bu konsepsiyanın bir komponentidir

E.Niftəliyev onu da bildirib ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir: “Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub”.

Bir sıra ölkələr “ASAN xidmət” modelinin tətbiqinə maraq göstərir

Yuxarıda da vurğulandığı kimi “ASAN xidmət” ölkə daxili ilə yanaşı xaricdə də böyük təqdir toplayıb. Təsadüfi deyil ki, bır sıra ölkələr “ASAN xidmət” modelinin tətbiqi istiqamətində addımlar atıb. Eyni zamanda Dövlət Agentliyi və tabeliyində olan qurumlar öz fəaliyyəti çərçivəsində 15-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzayıb: “Bu çərçivədə İtaliya, Fransa, Böyük Britaniya, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda, Əfqanıstan və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə Anlaşma Memorandumları imzalanıb. Eyni zamanda UCLG Afrika və ICESCO təşkilatları ilə Anlaşma Memorandumları imzalanıb. ICESCO ilə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində 25 oktyabr 2018-ci il tarixində Dövlət Agentliyi ilə ICESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb. Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə “ASAN ICESCO” mükafatı təsis olunub”.

Xarici ölkələrdə fəaliyyətə gəlincə 2019-cu il 2 yanvar tarixində Əfqanıstanda ilk “ASAN xidmət” mərkəzinin açılışı baş tutub: “Bununla yanaşı İndoneziya, Monteneqro, Özbəkistan, Türkmənistan, Əfqanıstanın, Rusiya Federasiyasının bir sıra əyalətlərinin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumlarının nümayəndələrinə Dövlət Agentliyinin ekspertləri tərəfindən təlimlər keçirilib. Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir”.

Mission News Theme by Compete Themes.