Bayraqdar.info – Polis əməkdaşını döyməkdə ittiham edilən 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı Eldəniz Səlimova dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə artıq keçmiş deputata 3 il 6 ay həbs cəzası kəsilib.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının siyahısıyla Milli Məclisə seçilmiş E.Səlimov 2021-ci il iyulun 29-da Xaçmazdakı bir restoranda polis leytenantı Zaur Mirzəyevi döyərək təhqir etməsinə görə həbs edilmişdi. Bayraqdar.info bu haqda ayrıntılı xəbəri oxuculara təqdim etmişdi.
Əlavə edək ki, istintaq altında olduğu müddətdə deputat mandatını qoruyan E.Səlimov artıq bundan sonra bu statusunu da itirir. Bu isə o deməkdir ki, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boşalır. Beləliklə Milli Məclisdə ümumilikdə 6 deputat yeri boşdur. Təbii ki, Milli Məclisin hazırkı tərkibinin səlahiyyətinin hələ daha 3 il (2025-ci ilin fevralınadək) davam edəcəyini nəzərə alsaq yaxın vaxtlarda boş yerlərə seçkinin keçiriləcəyini ehtimal etmək olar.
Qeyd edək ki, bu yaxınlarda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da bununla bağlı suala müsbət cavab vermişdi.