Press "Enter" to skip to content

“Azərsu”da Yaponiya şirkətnin nümayəndələri ilə görüş

Son yeniləmə: 27 Dekabr 2021 17:33

Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyəti beynəlxalq əməkdaşlıq baxımından əlaqələrini genişləndirir. Belə ki, qurumda Azərbaycan Respublikası hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin məsləhətçisi “Tokyo Engineering Consultants” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 27-də Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini deyib. O, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərində içməli su təchizatı və tullantı su sistemləri yenidən qurulub.

Məsləhətçi şirkətin nümayəndəsi Naoto Toda “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində işlərin uğurla icra edildiyini vurğuyaraq həyata keçirilən layihələrin əhalinin sosial rifahının və məişət şəraitini yaxşılaşdırdığını diqqətə çatdırıb: “Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” üzrə kredit sazişi bu ilin sonunda başa çatır, buna görə Azərbaycanı tərk edəcəyəm. 10 ildən artıq ölkənizdə çalışdım və “Azərsu” ASC ilə əməkdaşlıqdan çox məmnun qaldım”.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzində (Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan) su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub. Bu şəhərlərdə yeni su mənbələri yaradılıb, anbar kompleksləri, magistral xətlər, içməli və tullantı su şəbəkələri, kollektorlar və tullantı sutəmizləyici qurğular inşa edilib.

Mission News Theme by Compete Themes.