Son yeniləmə: 27 Dekabr 2021 12:13
Ermənistanın cəzalandırılması üçün beynəlxalq məhkəmələrə müraciət ediləcək
Bayraqdar.info – “2021-ci ildə Azərbaycan ölkənin milli maraqlarına əsaslanaraq öz xarici siyasətini davam etdirib”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də keçirilən mətbuat konfransında deyib.
Xarici siyasəti sahəsində ilin yekunlarına həsr edilmiş mətbuat konfransında nazir bildirib ki, Azərbaycanın xarici siyasətinin həm ikitərəfli, həm də çoxtərəfli formatda əsas prioritetləri ölkənin münasibətlərini inkişaf etdirməkdir: “Azərbaycan bu il ərzində beynəlxalq hüquq və standartlara uyğun olaraq, regional sülh və təhlükəsizliyə sadiq qalmaqla ədalətə nail olmağa çalışıb. Bundan başqa, bizim xarici siyasətimiz Azərbaycanın və onun xalqının maraqlarının müdafiəsinə yönəlmişdi”.
Mətbuat kohfransında Qarabağla bağlı üçtərəfli bəyanatın icrası barədə də danışılıb. Bu məqama toxunan nazir bildirib ki, Azərbaycan XİN 2021-ci il ərzində regionda sülh və təhlükəsizliyin təmin olunması üçün yaradılmış platformalar çərçivəsində bir sıra tədbirlər keçirib.
C.Bayramov qeyd edib ki, hazırda gündəlikdə kommunikasiyaların açılması, sərhədin delimitasiyası və demarkasiyası, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması kimi məsələlər dayanır: “Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərinin bərpası da prioritet tapşırıqdır. Biz bu prosesdə bir çox çətinlik və çağırışlarla üzləşirik ki, bunlar da xüsusilə çoxlu sayda minaların olması ilə bağlıdır”.
O da vurğulanıb ki, 2021-ci ildə Azərbaycan beynəlxalq səviyyədə Ermənistanda qarşı məhkəmə iddiaları qaldırmaqda davam edib və bu iddiaların bəziləri təmin olunub: “Azərbaycan yaxın zamanlarda bir neçə konvensiya üzrə – azad olunmuş ərazilərdə ekologiya, ətraf mühitə vurulan ziyan, həmçinin enerji resurslarının, təbii sərvətlərin qanunsuz istifadəsinə dair müvafiq konvensiyalara uyğun olaraq Beynəlxalq məhkəmələrə müaricət edəcək”.