Son yeniləmə: 27 Dekabr 2021 15:55
Bayraqdar.info – Dekabrın 27-də “Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 illiyi ilə əlaqədar hazırlanıb.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat veirlib.
Bildirilib ki, ƏƏSMN tərəfindən hazırlanmış kitabın DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, istedadlı əlilliyi olan şəxslər və s. iştirak ediblər.
Mərkəzin foyesində “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə təqdim edilən əsərlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə, onun yaradıcılığına həsr olunub.
Tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə də tanış olublar. Çıxış edən nazir S.Babayev Nazirliyin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizdə icra edilən sosial siyasətin əsas istiqamətləri barədə məlumat verib. Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişləndiyini, sosial ödənişlərdə artımların ardıcıl xarakter aldığını diqqətə çatdırıb.
O, 2021-ci ilin ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında rolunu xüsusi vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəz əlilliyi olan şəxslər və digər həssas qruplar üçün Cənubi Qafqazda ilk dəfə olaraq çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
S.Babayev əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, bu il də əlilliyi olan şəxslərin əl işlərinin 10 satış-sərgisi, həmin şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilib. Ötən dövrdə Nazirliyin dəstəyi ilə yaradıcı əlilliyi olan şəxslərin iştirak etdiyi müxtəlif tamaşalar, onların yaradıcılıq potensialının cəmiyyətə tanıdılması, sosial inklüzivliyi təbliğ edən müxtəlif layihələr hazırlanaraq həyata keçirilib.
Nazirliyin layihəsi kimi, 2018-ci ilin dekabrında sosial müəssisələrin 60-dək istedadlı sakini və yaradıcılıq nümunələri barədə məlumatları əhatə edən ilk nəşr olaraq, 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu nəşr edilib. Azərbaycan və ingilis dillərində olan kitab-albomun yeni, ikinci nəşrində də əlilliyi olan şəxslərin yaradıcı potensialı barədə məlumatlar əhatə olunur.
Hər iki nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Məqsəd əlilliyin heç də bir qüsur və mənsub olduğun cəmiyyətin sıralarında uğurla addımlamaq üçün maneə olmadığı mesajını öz uğur hekayəsini yaradan əlilliyi olan şəxslərin timsalında bir daha cəmiyyətə çatdırmaqdır.
Tədbirdə çıxış edənlər Azərbaycanda sosial sahədə aparılan geniş miqyaslı islahatların, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımların dövlət başçısının güclü sosial siyasətinin təzahürü olduğunu vurğulayıblar.
Tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə də tanış olublar.