Son yeniləmə: 25 Dekabr 2021 11:50
Bayraqdar.info – Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər ediblər. Onlar burada hərbi hissənin açılışında iştirak ediblər.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident hərbçiləri salamlayıb. Sonra Dövlət Himni səsləndirilib.
Dövlət başçısı çıxış edib. O bildirib:
“Bu gün Qarabağın Xocavənd rayonunda, Hadrutda yeni hərbi hissə açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir. Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir.
“Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2 min 200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.
“Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olub.
“Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar qurmuşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.
“Əminəm ki, Hadrut əməliyyatı müasir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq. Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq müzəffər Azərbaycan Ordusu Hadrutda dövlət bayrağımızı qaldırmışdı. Hadrut və bütün ətraf yüksəkliklər bizim əlimizdə idi. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Onu da bildirməliyəm ki, Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır.
“Bu gün Hadrut əməliyyatı haqqında və bütövlükdə İkinci Qarabağ müharibəsi haqqında danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti və milli qürurumuzu bərpa etdik.
“Hadrut əməliyyatından sonra bizim şərəfli missiyamız davam etdi. Hələ müharibənin başa çatmasına bir ay qalmışdı və əlbəttə ki, biz daha böyük inamla, daha böyük iradə ilə öz şərəfli missiyamızı davam etdirdik. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Biz faktiki olaraq Laçın dəhlizinə çıxmışdıq və Laçın dəhlizini nəzarətdə saxlayırdıq. Artıq Ermənistan başa düşməli idi ki, onlar məğlub olacaqlar, məğlubiyyət qaçılmazdır. Ancaq buna baxmayaraq, öz namərd əməllərindən əl çəkmədilər. Bizim dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdular. Bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldular. Azərbaycan Ordusu isə bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflərimiz ancaq düşmənin hərbi birləşmələri, silahları, texnikaları və silah anbarları idi.
“İndi azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin şahidi olur. Bütün şəhərlər, bütün kəndlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bunu artıq dünya görür. Ancaq baxın Hadrut qəsəbəsinə, bir dənə də dağılmış bina yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərir.
Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil.
“44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Mən dəfələrlə demişəm, bax, burada – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayonunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın”.
Məlumatda bildirilir ki, sonra ölkə rəhbəri Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında təqdimatı oxunub. Təqdimatda deyilir: “Əsgəri şərəf, şücaət və şöhrət rəmzi kimi hərbi hissənin hər bir hərbi qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçün təqdim olunur”.
Daha sonra Prezident hərbi hissəyə döyüş bayrağını Komando Briqadasının komandiri polkovnik Sanayevə təqdim edib.
Briqada komandiri bayrağı alarkən and içib: “And içirəm ki, bu müqəddəs keşikdən bir an da olsun gözümü ayırmayacağam, babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağını öz canımdan da əziz bilib daim yüksəkliklərdə tutacağam. Ulu öndər Heydər Əliyevin ruhunu yaşadan bu şanlı döyüş bayrağını məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun. İçdiyim bu anda sadiq qalacağımı və ehtiramımı bildirmək üçün bayrağımı öpür və təhvil alıram”.
“Bundan sonra hərbçilər marş sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçiblər.
“Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev hərbi hissənin ərazisində ağac əkib.
“Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev şəhidlərin xatirə guşəsinin önünə gül qoyaraq hərbi hissənin qərargahında, idman zalında, yeməkxanada, zabitlər üçün evlərdə yaradılan şəraitlə tanış olublar.
“Daha sonra dövlət başçısı, Birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olublar. Onlar hərbçilərin nümunəvi çıxışlarına, “pusqu”, “basqı”, “sızma” əməliyyatlarına baxıblar.
“Sonda xatirə şəkli çəkdirilib”, – deyə məumatda qeyd edilir.