Son yeniləmə: 24 Dekabr 2021 14:13
Və ya vətəndaşı olduğunuz dövlətə az da olsa sayğılı davranın
Bayraqdar.info – Bir neçə gün öncə təhsil naziri Emin Əmrullayevin səs gətirən media görüşündə diqqətimi çəkən durum olmuşdu. Azərbaycanda rəsmi akkreditasiyası olmayan xarici media qurumunun adından bir jurnalist o görüşdə iştirak edib nazirə sual vermişdi. Söhbət konkret olaraq Meydan TV adlı anti-Azərbaycan qurumdan gedir.
Əlbəttə, şəxsi münasibətimin mənfi olduğu bu qurumun Azərbaycanda fəaliyyət göstərib-göstərməməsi məndən asılı deyil. İstəməsəm belə qanun çərçivəsində ölkəmizdə fəaliyyət göstərsə, buna sözüm olmaz. Lakin bildiyimə görə, Meydan TV adlı qurum Azərbaycanda rəsmi akkreditasiyadan keçməyib. Eyni zamanda o qurumun hər hansı jurnalistinin ölkəmizdə akkreditasiyası yoxdur.
Məhz bu duruma görə sosial mediada bir paylaşım etdim. Nəticə nə oldu? Nəticə o oldu ki, qaragüruh bir anda səfərbər olundu, məni sözün həqiqi mənasında təhqir etməyə başladı. İddiaları da bu oldu ki, guya Azərbaycanda senzura tərəfdarıyam. Hələ onu da əlavə etdilər ki, guya “Media haqqında” qəbul edilməkdə olan qanunun icrası üçün edirəm bunu. Dedilər ki, “imkan ver, qanun qəbul edilsin, sonra başlarsan”…
Bu cür yanaşmalar iki mətləbdən xəbər verir: birincisi odur ki, belə yazanların hazırda qüvvədə olan qanunlardan, özəlliklə də “KİV haqqında” qanundan xəbəri yoxdur. İkincisi isə daha üzücüdür. Bu adamlar vətəndaşı olduqları dövlətin qanunlarının pozulmasına belə vay-şivənlə yanaşırlar. Qeyd edim ki, məni öz ağıllarınca topa tutanların arasında hətta beynəlxalq təcrübəni yaxşı bildiyinə əmin olduğum jurnalistlər də vardı.
Maarifləndirməyə məcburuq
Əlbəttə, belə bir durumda məcburuq ki, bu adamları maarifləndirək. Onlara izah edək ki, mənim qaldırdığım məsələnin şəxsimə dəxli yoxdur. Əgər Meydan TV-nin və ya onun müxbirinin akkreditasiyası olsaydı, tutduğu mövqedən asılı olmayaraq əsla müzakirə açan deyildim. Bilənlər bilir ki, ən sərt tənqidi mövqeyə belə hörmət və təmkinlə yanaşan birisiyəm.
Nə isə, qeyd etdiyim kimi, “likbez” əməliyyatına başlayıram.
Beləliklə, 7 dekabr 1999-cu ildə Prezident Heydər Əliyevin imzaladığı və hələ də qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanunda deyilir:
Maddə 53. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.
Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.
Sözügedən qanunun sözügedən maddəsi isə belədir:
Maddə 50. Jurnalistin akkreditəsi (qeydə alınması)
Kütləvi informasiya vasitələri dövlət orqanlarının idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditə qaydalarına əməl etməklə onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər.
Həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar.
Jurnalistlərə qarşı ayrıseçkilik yoxdur
Göründüyü kimi, Azərbaycanın hazırda qüvvədə olan müvafiq qanunu heç bir jurnalistə, o cümlədən də xarici jurnalistə münasibətdə ayrıseçkilik etmir. Əksinə, hər kəsə bərabər şərait yaratmaq üçün baza rolunu oynayır. Belə olan halda mənə qarşı öz ağıllarınca təhqir və tənqid yağdıranlar niyə iddia edir ki, qəbul edilməkdə olan “Media haqqında” qanunun “mürtəce” tətbiqi üçün çalışıram? Halbuki yeni qanun layihəsinin mətni ilə heç tanış da deyiləm…
İndi isə Xarici İşlər Nazirliyi Kollegiyasının 2015-ci il 18 mart tarixli Q/04-15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi qaydaları”na baxaq:
1.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin üçüncü hissəsinə əsasən xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasında akkreditəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
…
2.4. Akkreditə kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
Yəni belə bir akkreditasiyası olmayan xarici media qurumları ölkəmizin ərazisində jurnalist fəaliyyəti ilə məşğul ola bilməz. Bu isə o deməkdir ki, təhsil nazirinin mətbuatla görüşündə Meydan TV təmsilçisinin iştirakı qanunsuzdur.
Bir daha qeyd edirəm ki, bu qaydaları bildiyim üçün adı keçən qurumun təmsilçisinin sözügedən görüşdə iştirakıyla bağlı narahatlıq ifadə etmişdim.
Konstitusiyanın dediyi
Üzərimə gələnlərin bəziləri iddia etdi ki, o jurnalist orda Azərbaycan Respublikası Konstitusiyasına uyğun iştirak edə bilərmiş:
Maddə 50. Məlumat azadlığı: I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Biz buna şübhə etmirik. Lakin hər kəs deyiləndə təbii ki, dünyadakı 8 milyarda yaxın əhalinin hamısı nəzərdə tutulmur. Çünki bu Konstitusiya Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycanın yurisdiksiyasına aid qurumlara şamil edilir.
Onu da əlavə edək ki, Konstitusiyanın bu və digər maddələri xarici media təmsilçilərinin Azərbaycanda fəaliyyətinə nəinki mane olmur, əksinə, onlar üçün müvafiq şəraitin yaradılmasına imkan verir. Sadəcə arzu edən xarici media qurumları ölkədə müvafiq şəkildə akkreditasiyadan keçməlidirlər. Bu isə Azərbaycanın icadı deyil. Bütün dünyada belədir. Demokratiyanın bayraqdarı olduğu iddia edilən ABŞ, Fransa, Böyük Britaniya, Almaniya kimi ölkələrdə də xarici media yalnız rəsmi akkreditasiyadan sonra fəaliyyət göstərə bilər. Hətta ABŞ-da xarici jurnalistlər rəsmən “xarici agent” kimi qeydiyyata alınmasa fəaliyyətinə icazə verilmir…
XİN-in qaydaları da biz deyəni deyir
Bütün bunları bildiyimiz halda dəqiqləşdirmək üçün XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevaya müraciət edərək Meydan TV adlı qurumun Azərbaycanda akkreditasiyasının olub-olmadığını soruşduq. Cavab gözlədiyimiz kimi və qısa oldu: “Yoxdur”.
Bu cavabdan sonra Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehova müraciət etdik:
“Xoş gördük, Cəsarət müəllim. Nazirin mətbuatla görüşündə Meydan TV müxbiri necə iştirak edə bilib? Zəhmət olmasa buna aydınlıq gətirərdiniz. Yazı hazırlayıram, açıqlamanızın olması vacibdir.”
“Müraciət əsasında. Salam”
“Axı onların Azərbaycanda rəsmi akkreditasiyası yoxdur. XİN onları qeydə almayıbsa siz hansı qanun və qayda əsasında tədbirə dəvət edirsiniz?..”
Bir müddət susqunluq və cavabsızlıq müşahidə edilir. Yəni veriləcək bir cavab yoxdur. Ona görə də əlavə edirəm:
“Belə anlaşılır ki, bir cavabınız yoxdur…”
Bu söhbət Whatsapp üzərindən dekabrın 22-də olub. Bu gün isə ayın 25-dir və C.Valehov əlavə nəsə deməyib. Desəydi, əlbəttə ki, burada dərc edərdik. Amma deyə biləcəyi bir söz də yoxdur axı. Çünki adam akkreditasiyası olmayan xarici medianın nümayəndəsini nazirin mətbuatla görüşünə (onlar buna brifing deyirlər) dəvət edib…
Nazirdən uyğun addım gözləyirik
İndi isə top təhsil naziri Emin Əmrullayevdədir. Maraqlıdır, nazir bu qanunsuzluğa görə C.Valehova hansısa tənbeh tədbiri tətbiq etdimi? Etmədisə əsası nədir? Yəni Azərbaycan dövlətinin qanunlarını heçə sayaraq belə davranmaq cavabsızmı qalmalıdır? Ümid edirik ki, bu suallarımıza qısa müddət ərzində cavab ala biləcəyik…
İzah: Sovet hakimiyyətinin ilk illərində kütləvi savadsızlığın aradan qaldırılması üçün Rusiyada/SSRİ-də xüsusi proqram tətbiq edilmişdi. O proqramın məqsədi 8-50 yaş arasındaki insanların heç olmasa yazıb oxuma, təməl bilik və bacarıqlara sahib olmasını təmin etməkdi. Rus dilində adına “ликвидация безграмотности”, yəni “savadsızlığın ləğvi” deyilən bu proqram çərçivəsində 1927-ci ilədək 10 milyonadək vətəndaş təhsilə cəlb edilmişdi…
Sözardı: Üstümə gələn qaragüruha bir daha demək istərdim, az da olsa milli və dövlət təəssübkeşliyiniz olsun. Mənim qaldırdığım məsələnin hakimiyyətlə heç bir əlaqəsi yoxdur. Şəxsimi narahat edən dövlətimizin qanunlarının belə hörmətdən salınmasıdır. Sizdən fərqli olaraq mən dövlətimə edilən sayğısızlığa biganə qala bilmirəm…