Press "Enter" to skip to content

Dəmir yolu sahəsində əməkdaşlıq əlaqələri

Son yeniləmə: 25 Dekabr 2021 13:04

Bayraqdar.info – Türkiyənin Ticarət Nazirliyinin Beynəlxalq xidmət ticarəti üzrə rəisi Emre Öztellinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədi. Nümayəndə heyəti səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də olub.

Bu barədə bayraqdar.info-ya dekabrın 25-də ADY-dən məlumat verilib.

Bildirilib ki, Türkiyənin nəqliyyat, tikinti, memarlıq və mühəndislik sahəsində tanınmış şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında yeni sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə hər zaman ölkəmizin haqlı və ədalətli mövqeyini beynəlxalq tribunalarda müdafiə edir.

Ölkələr arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən danışan H.Valehov vurğulayıb ki, Ermənistanın işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələrində Türkiyə şirkətləri də fəal iştirak edir.

E.Öztelli Türkiyənin Ticarət Nazirliyi və DEİK Beynəlxalq Texniki Məsləhət Xidmətləri İş Şurasının dəstəyi və koordinasiyası ilə Azərbaycanda səfərdə olduqlarını qeyd edib. O, bu görüşün Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində mövcud imkanların genişləndirilməsində mühüm rol oynayacağına diqqət çəkib.

Qonaq bildirib ki, Türkiyə şirkətləri Qarabağda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır.

Sonra qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı təqdimat ediblər. Məlumat verilib ki, görüşdə təmsil olunan şirkətlər nəinki Türkiyədə, eləcə də dünyanın bir çox ölkələrində dəmir yolu layihələrinin hazırlanması və icra edilməsində, nəqliyyat infrastrukturunun qurulmasında iştirak edib.

Mission News Theme by Compete Themes.