Son yeniləmə: 24 Dekabr 2021 11:13
Bayraqdar.info – Dekabrın 23-də “Zəfər Günü”nə həsr edilmiş ali və orta məktəb tələbələri arasında keçirilən futzal üzrə yarışlara yekun vurulub.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan final qarşılaşmasında III yer uğrunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasını məğlub edərək çempionatın qalibi olub.
Oyunlardan sonra “Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov sözügedən yarışın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyində xüsusi rol oynadığını qeyd edib O, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Qeyd edilib ki, sonda yarışlarda fərqlənən 4 tələbə futbolçu“Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən intizamlı oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Mükafatları təhsil nazirinin müavini F.Qurbanov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, tanınmış idmançılar və veteran futbolçular təqdim edib.
Futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Xəbərdə daha sonra bildirilir ki, yarşlarda 22-si Bakı şəhəri, 11-i regionlardan olmaqla ümumilikdə 33 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıb, 500-ə yaxın tələbə iştirak edib. Yarışlar yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib.