Son yeniləmə: 24 Dekabr 2021 12:54
Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qaziləri “Baykar Savunma” şirkətinə məxsus olan istehsal fabrikində olublar. Qazilər şirkətin istehsal sahəsində “TB2”, “TB3”, “Akıncı” kimi PUA-ları ilə tanış olublar.
Bu barədə bayraqdar.info-ya dekabrın 24-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində təşkil edilib. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar qonaqlara şirkətin yaradılması tarixi, fəaliyyət istiqamətləri və gələcək prioritetlərə dair təqdimat edib. Həmçini, müxtəlif istiqamətlərdə müzakirələr aparılıb.
Qazilərə, həmçinin şirkət tərəfindən hazırlanan Vətən müharibəsində qazanılan parlaq qələbəyə həsr olunan marka və “Akıncı” PUA-nın maketi təqdim olunub.
Qazilər də öz növbəsində Vətən müharibəsi zamanı əldə olunmuş qələbədə “Baykar Savunma” şirkətinə məxsus PUA-larının müstəsna əhəmiyyətini diqqətə çatdırıb və öz təşəkkürlərini bildiriblər.