Son yeniləmə: 24 Dekabr 2021 13:24
Bayraqdar.info – Türkiyənin Bağdaddakı səfiri Ali Rıza Güney Kərkük vilayətində müxtəlif görüşlər keçirib. Səfir Kərkük valisi Rakan Seidlə də görüşüb.
Türkmeneli TV xəbər verir ki, görüşdən sonra açıqlama verən səfir “Bu səfərdən məmnunuq və qürur duyuruq. Türkiyə Cümhuriyyətinin İraq və Kərkükə böyük əhəmiyyət verməsi bizi sevindirir”, – deyə bildirib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) şəhərdə mühüm işlər gördüyünü bildirən R.Seid, tarixi Kərkük Kayseri bazarının təmirini və daxili miqrantlara verilən dəstəyi unutmadıqlarını bildirib.
Kərkükdə çoxlu investisiya imkanlarının olduğunu qeyd edən vali türk şirkətlərinə səslənərək “Türk şirkətlərinin işinin ciddiliyinə və keyfiyyətinə güvənirik. Onların Kərkükdə qazanclı investisiyalarda iştirak etmələrini istəyirik” deyib.
Səfir isə öz növbəsində Kərkükün bütün İraqda müstəsna bir şəhər olduğuna diqqət çəkib: “Bura İraqın bütün etnik və məzhəb təmsilçilərinin bir yerdə yaşadığı bir şəhərdir. Bizim istədiyimiz bütün bu ünsürlərin, ərəblərin, türkmənlərin, kürdlərin rifahının artmasıdır”.
Türk şirkətlərinin Kərkükə investisiya qoymağa hazır olduğunu qeyd edən diplomat İraqda yeni hökumətin qurulması ilə Türkiyədən İraqa yüksək səviyyəli səfərlərin artacağını bildirib.
Xəbərdə bildirilir ki, səfir Kərkükdəki təmasları çərçivəsində İraq Türkmən Cəbhəsinin (İTC) qərargahını da ziyarət edib. Ali Rıza Güney İTF prezidenti Hasan Turan, partiya rəsmiləri və türkmənlərlə görüşüb.
Kərkük qalasını da ziyarət edən A.R.Güney TİKA tərəfindən abadlaşdırılan Osmanlı zabitləri məzarlığında aparılan işlərlə yerində tanış olub. Türkiyəli diplomat eyni zamanda Türkməneli Televiziyasına olub. O, TİKA-nin dəstəyi ilə yenilənən Türkmən FM Radiosunu açaraq proqrama qatılıb.