Son yeniləmə: 24 Dekabr 2021 12:48
Bayraqdar.info – Dekabrın 23-də Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) cari ilin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov ilin yekunlarına dair TKTA-nın fəaliyyət istiqamatləri barədə ətraflı məlumat verib. Dövr ərzində ümumilikdə 737 məktəbdə monitorinqin aparılması, universitetlərdə akkreditasiya qiymətləndirilməsi prosesinin keçirilməsi, qeyri-formal və informal təhsil sahəsində görülmüş işlər, həmçinin, xarici kvalifikasiyaların tanınması xüsusi vurğulanıb.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat bildirilib.
“Sədr çıxışı zamanı qeyri formal və informal təhsilin tanınması ilə bağlı il ərzində təşkil olunmuş imtahanların nəticəsində vətəndaşlara 174 sertifikat, 13 diplom təqdim olunduğunu bildirib. Həmçinin, 22 müxtəlif ATM-in akademik və inzibati heyətinə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda seminar, keyfiyyət təminatı səviyyəsinin tələbələrin gözü ilə təhlil olunması məqsədi ilə 16 min 550 tələbə arasında anonim sorğu keçirildiyini vurğulayıb.
“Son olaraq xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması barədə məlumat verən Eldar Orucov diplomların tanınması üçün müraciət etmiş 3 min 4 nəfərdən 2 min 278 nəfərə müsbət, 726 nəfərə isə mənfi cavab verildiyini diqqətə çatdırıb”, – deyə bildirilib.