Son yeniləmə: 21 Dekabr 2021
Bayraqdar.info – Bu gün dekabrın 24-dür. Onun günüdür. Yubiley yaşı tamam olur. 60 illiyidir. Az deyil. Çox da sayılmaz. Lakin bir dövlət adamı olması baxımından həyat hekayəsini göz önündən keçirsək bu qədər az yaşa bu qədər çox işi sığdırmaq heç cür adi görünmür.
Yadımdadır. Ötən əsrin 90-cı illərinin əvvəllərində deyirdilər ki, o, ortalıqda görünmür. Sonrakı illərdə, hətta elə bu illərimizdə də elə deyənlər var. Lakin bəlli olur ki, heç də elə deyilmiş. Sadəcə təvazökarlıqdan var olan dəlil-sübutlarını təqdim etmirmiş.
20 yanvar 1990-cı ildə Bakının məlum Sovet-rus işğalına məruz qalmasından sonra da onun ortalıqda olmadığını iddia edirdilər. Amma ki, bu da yalan və yanlışmış. Ortada qapı kimi dəlil-sübut var.
Sonrakı illərdə də elə dedilər. Lap bugünlərdə həmkarlarımız tam bir təsadüf nəticəsində o illərə aid fotoları əldə edib paylaşınca bunun da yalan olduğu təsdiqləndi.
Ona qarşı həmişə təbliğat aparılıb. Amma nə sirdirsə bu təbliğat əks effekt verib. Daha doğrusu, yalan ayaq tutub, yeriməyib…
Atasının sağlığında deyirdilər ki, “onun kölgəsinə sığınıb, əlindən bir iş gəlmir, atası olmasa düzdə qalacaq”. Amma atası haqq dünyasına yüksəlincə meydanda tək qaldı, bəlli oldu ki, əksinə, indi daha məsuliyyətli, daha sərbəst davranır.
Adı Azərbaycanla qoşa çəkilməyə başladı. Qısa bir müddət sonra Azərbaycan deyəndə o, ağla gəldi. Sonra isə Güney Qafqaz coğrafiyasında ilk yada düşən lider oldu. Bunun ardınca türk dünyasında sayılıb-seçilən liderə çevrildi. Və az müddətə elə bir həddə çatdı ki, indi dünya liderlərindən biri kimi qəbul edilir.
Günümüzdə onunla iş birliyi etmək, görüşmək, kəlmə kəsmək hər bir siyasi liderin, aparıcı media qurumunun arzusudur. Şəxsinə və iş üslubuna maraq hədsiz dərədəcə yüksəkdir. Sözünün ağası olduğu, liderlikdə ləyaqətə üstünlük verdiyi adla deyilir.
Ölkəsini, xalqını, dövlətinin maraqlarını heç vaxt heç kimin ayağına vermədi, verməsi də mümkün deyil. Yəni adam kimi adam, lider kimi lider!
Hansı addımı atdısa, ilk sözü bu oldu ki, “hər bir azərbaycanlının maraqlarına uyğun olmalıdır”. Özünü, ailəsini deyil, ən ucqar diyardakı ən adi azərbaycanlını düşündü, onun üçün çalışdı. Yəni bütün azərbaycanlılar üçün.
Və bu 60 yaşa Müzəffər Ali Baş Komandan kimi gəlib çıxdı. Bu gün – dekabrın 24-ü onun yubiley yaşı tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev illərin sınağından üzüağ çıxan siyasi lider, uğurlu baş komandan kimi qarşılayır 60 yaşını.
Nə deyirik? Canı sağlam, ömrü uzun olsun. Olsun ki, Azərbaycana və türk dünyasına xidmətlərini eyni şövqlə davam etdirə bilsin. Xalqın bir fərdi olaraq bizim kimilərə nə lazımdır? Sabit və inkişaf edən bir ölkə. Onu şövqlə, yorulmadan idarə edən bir lider. O, məhz həmin liderdir. Bu gün o liderin yubiley yaşı tamam olur. Təbrik edirik!