Son yeniləmə: 24 Dekabr 2021 10:04
Bayraqdar.info – Türkiyəyə səfər edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Ankara Qazi Universitetində də olub. KKTC Cümhurbaşqanına universitetin Fəxri doktoru adı verilib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumat görə, E.Tatar Qazi Universitetinin təşkil etdiyi “Kıbrıs türklərinin varlıq mübarizəsində Qazinin qəhrəmanlarının anma mərasimi”nə də qatılıb.
Mərasimdə Qazi Universitetinin rektoru Prof. Dr. Musa Yıldız tərəfindən qarşılanan E.Tatarın salona gəlişindən sonra şəhidlərin ruhu yad edilib və İstiqlal Marşı oxunub.
“Milli mübarizə və şəhidlər həftəsi” çərçivəsində təşkil edilən mərasimdə Kıbrıs türk xalqının keçdiyi çətin illərdən danışılıb, şəhidlər anılıb. Mərasimdə KKTC Cümhurbaşqanlığı tərəfindən hazırlanan video-çarxla yanaşı, Kıbrıs türk xalqının milli mübariz illərindən bəhs edən video nümayiş etdirilib.
Mərasimdə çıxış edən şəhid Kamal Özalperin oğlu Fevzi Özalper milli mübarizə illərindən, Barış Hərəkatı və KKTC-nin qurulmasından danışıb.
Mərasimdə həmçinin şəhid mayor Nihat İlhan oğlu, Qazi Universiteti Tibb Fakültəsi Dekanı Prof. Dr. Mustafa Necmi İlhan da çıxış edib.
Qazi Universitetinin rektoru Prof. Dr. Musa Yıldız çıxışında Ersin Tatarı universitet haqqında məlumatlandırıb və ziyarətinə görə təşəkkür edib. M.Yıldız həmçinin KKTC-nin Türkiyə ilə birlikdə Kıbrıs danışıqlarında irəli sürdüyü yeni siyasətə dəstəyini ifadə edib.
E.Tatar isə öz çıxışında öncə Qazi Universitetində olmaqdan qürur duyduğunu bildirib. O, Fəxri doktor adına layiq görüldüyünə görə təşəkkür edib.
Şəhidləri rəhmət, qaziləri şükranla yad edən E.Tatar, İlhan ailəsinin ağrısını yaxşı başa düşdüyünü deyib. KKTC Cümhurbaşqanı o vaxt ailəsinin də həmin bölgədə yaşadığını xatırladıb.
E.Tatar, Kıbrısın bir türklük məsələsi olduğunu ifadə edib.
Çıxışlardan sonra Ersin Tatara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.