Son yeniləmə: 24 Dekabr 2021 17:38
Bayraqdar.info – Əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. 2021-ci ilin 9 ayında 2646 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli deyib.
Qeyd edək ki, dekarbrın 24-də Agentlikdə əlilliyi olan şəxslərlə görüş keçirilib.
Bu barədə Agentlikdən bayraqdar.info-ya verilən məlumatda deyilir ki, M.Abbasbəyli əlilliyi olan şəxslərin məşğulluğunun təminatı məqsədilə icra olunan proqramlar, bu sahədə mövcud olan problemlər və onların həll yolları istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, özünüməşğulluq proqramının, həmçinin, ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslərdir.
Agentlik sədri həmçini bu günlərdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə – “Əlil sahibkarlara dəstək” layihəsinə başlandığını bildirib.O, layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslərin bir sıra istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacağını, daha sonra isə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlarını bildirib.
Görüşdə həmçinin, əlilliyi olan şəxslərin təklifləri dinlənilib, sualları cavablandırılıb və əl işləri ilə tanışlıq olub.