Son yeniləmə: 23 Dekabr 2021 18:22
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətə çatdırmaqda davam edir.
Qurumdan bayraqdar.info-ya dekabrən 23-də verilən məlumata görə, Vergi Məcəlləsinə edilmiş daha bir dəyişiklik mədən vergisi ilə bağlıdır: “Vergi Məcəlləsinə edilən daha bir dəyişiklik yerin təkindən çıxarılan faydalı qazıntı növü olan gips və gəc məhsullarının mədən vergisinə cəlb edilən malların dairəsinə daxil edilməsi və yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsidir.
Gips və gəc məhsulları yer təkindən çıxarılan faydalı qazıntı kimi mədən vergisinə cəlb edilən faydalı qazıntıların dairəsinə daxil edilir. Gips və gəc məhsulları sement xammalının tərkibinə daxil olduğu üçün sement xammalının hər kubmetri üçün nəzərdə tutulan 1,0 manat mədən vergisi bu məhsullara da tətbiq ediləcək”.
Məlumatda daha sonra deyilir ki, eyni zamanda, yerli əhəmiyyətli tikinti materiallarının dövlət vergilərinə aid edilməsində əsas məqsəd faydalı qazıntıların bütün növləri üzrə vergilərin dövlət büdcəsinə ödənilməsi ilə vahid yanaşmanın tətbiq edilməsidir: “Həmçinin məqsəd vergidən yayınma hallarının aradan qaldırılması, təbii sərvətlərdən istifadənin nəzarət edilə bilən olması, ölkə başçısının 16.07.2018-ci il tarixli Fərmanı ilə yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir.
Bununla yanaşı, yerin təkindən çıxarılan faydalı qazıntılardan (19 növdə faydalı qazıntı) yalnız 4 faydalı qazıntı növünə görə mədən vergisi yerli büdcəyə, digər faydalı qazıntılara görə isə dövlət büdcəsinə ödənilir. Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi hesablanması və ödənilməsi üzrə nəzarətin dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilməsi bu sahədə vahid yanaşma yaradacaq”.