Son yeniləmə: 23 Dekabr 2021 21:27
Bayraqdar.info – Dekabrın 23-də Qırğızıstan Prezidenti Sadır Caparovla Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan arasında telefon söhbəti olub.
Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.
Xəbərdə deyilir ki, söhbət əsnasında tərəflər Qırğızıstanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.
S.Caparov Türkiyənin Qırğızıstanın müstəqilliyini ilk tanıyan və ilk səfirlik açan ölkə olmasını məmnuniyyətlə qeyd edib.
“Türkiyə bizim üçün qardaş ölkə, yaxın dost, sınaqlardan çıxmış tərəfdaşdır. Qırğızıstan Türkiyə ilə münasibətlərə yüksək dəyər verir”, – deyə S.Caparov bildirib.
Öz növbəsində Cümhurbaşqanı R.T.Erdoğan da 2021-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin 10 illiyinin tamam olduğunu qeyd edib.
O, iki ölkə arasında keçiriləcək Zirvə görüşü üçün 2022-ci ildə Qırğızıstana səfərinin nəzərdə tutulduğunu da sözlərinə əlavə edib.