Press "Enter" to skip to content

İndi bizim üzümüz Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə doğrudur – MUSA QULİYEV

Millət vəkili Musa Quliyev

Son yeniləmə: 23 Dekabr 2021 18:29

Bayraqdar.info – XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində azərbaycanlılar ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqa məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib.
Ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.

Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub.

Azərbaycanlıların vaxtilə öz dədə-baba yurdlarından deport olunmaları ilə bağlı Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verə bilərmi? Bu sualla bayraqdar.info millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciət edib.

Deputat bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı xəyanəti qəsbkarlıq, deportasiya, soyqırım siyasəti zaman-zaman davam edib. “Ötən 100 il ərzində azı dörd dəfə bizim etnik dədə-baba torpaqlarımızda indi Ermənistan deyilən ərazidə yaşayan soydaşlarımız soyqırıma, deportasiya və ağır işgəncələrə məruz qalmışlar. Əsrin əvvəllərində 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, ondan sonrakı 30-cu illərdə də xalqımız ermənilər tərəfindən ağır soyqırım və deportasiyaya uğrayıblar. Bu deportasiya və soyqırım siyasətinin Moskvanın əli ilə guya ki, daha sivil və dövlət qanunları çərçivəsində davamı və ən dəhşətlisi 1948-53-cü il deportasiyası olub. Məhz müharibədən sonrakı dövrdə azərbaycanlıların Ermənistandan köçürülməsi böyük bir siyasət idi. Onlar guya ki, xaricdə yaşayan ermənilərin sovet hökumətinə köçürülməsi pərdəsi altında əslində dədə-baba yurdlarımızdan bizim soydaşlarımızı köçürməklə mono-etnik dövlət yaratmaq siyasətini irəli sürürdülər.

Stalinin 1947-ci ildə imzaladığı bir qərarla guya ki, Azərbaycanda pambıqçılığı inkişaf etdirmək adı altında Mil-Muğan ərazisinə 100 mindən çox insanın köçürülməsi əslində o insanlara qarşı bir qətliam fərmanı idi. Əvvəla ona görə ki, dağlıq ərazidə və tamam fərqli bir iqlimdə yaşayan insanların o vaxt üçün heç bir infrasturkuru olmayan, ilan mələyən Mil-Muğan çöllərinə köçürülməsi elə onların qətlinə fərman vermək demək idi. Digər tərəfdən, sonrakı zaman da göstərdi ki, bizim oradakı boşaldılmış kəndlərimizdə, qəsəbə və evlərimizdə heç bir erməni də gəlib məskunlaşmadı. Onlar xarabalığa çevrildi”.

M.Quliyev bildirir ki, xaricdən az sayda köçürülən ermənilərin də bir qismi oradakı şəraitə uyğunlaşmadığı üçün geri dönüb. Digər qisim Ermənistanda qalıb, başqa bir qisim isə Rusiyaya və SSRİ-nin digər məkanlarına gediblər. “Əslində, bu siyasət Ermənistana xaricdən erməni köçürülməsi deyildi, Ermənistanı o torpaqların qədim, əsl sahibləri olan aborigenlərdən – Azərbaycan türklərindən təmizləmək idi. Bu, dövlət səviyyəsində bir cinayət idi. Yəni, XX əsrdə dövlət tarixində belə bir şey olmamışdı ki, dövlət rəhbərliyinin qərarı ilə 100 min insan bir yerdən başqa bir yerə köçürülsün. Bu, deportasiya idi. Özü də başqa adla köçürürdülər. Buna görə də SSRİ vaxtında, istər müharibə dövründə, istərsə də mühairbədən əvvəlki illərdə bəzi xalqların köçürülməsi ilə bağlı Stalin qərar vermişdi. Lakin 80-ci illərin sonlarında həmin xalqlar geri qayıtdı. İstər çeçen-inquşlar, istər Krım tatarları, istərsə də Məhsəti türkləri öz dədə -baba yurdlarına geri qayıtdılar. Amma bu qaydalar nədənsə, Ermənistandan deport olunmuş azərbaycanlılara şamil olunmadı. Əslində bizim bu prosesi daim diri saxlamağımız və Ermənistanı, SSRİ-nin o vaxtkı rəhbərliyini, eyni zamanda onların siyasi və hüquqi varislərini də beynəlxalq məhkəməyə verərək ya geri qayıtmaq tələbi qoymaq, nəsillərə vurlmuş maddi-mənəvi, fiziki zərərə görə təzminat almaq imkanlarımızı reallaşdırmaq üçün çabalar göstərməyimizdir. Amma əsas odur ki, artıq geri sayım başlayıb. 30 il ərzində işğal altında qalan Qarabağı və Şərqi Zəngəzuru Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu və xalqı işğaldan azad etdi. İndi bizim üzümüz Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə doğrudur. Prezidentin söylədiyi kimi, ora biz hansı nəqliyyatla və necə gedəcəyimizi yaxşı bilirik. Ona görə də biz həmişə tariximizi diri saxlamalıyıq. Ona görə də biz Qərbi Azərbaycan adlanan indki Ermənistan ərazisində olan torpaqların bizim olduğunu gələcək nəsillərə sübut etməliyik. Tanıtmalı, inandırmalıyıq. Gələcək nəsillər də yəqin ki, oaralara qayıdıb vaxtilə babalarının oylağı olan yurdları cənnətə çevirəcəklər”.

Mission News Theme by Compete Themes.