Son yeniləmə: 23 Dekabr 2021 18:07
Bayraqdar.info – 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə veriləcək.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 23-də bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərman Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanıb.
Birdəfəlik ödəmələrin məbləği aşağıdakı kimidir:
1.1. I dərəcə əlilliyə görə – 8 min 800 manat;
1.2. II dərəcə əlilliyə görə – 6 min 600 manat;
1.3. III dərəcə əlilliyə görə – 4 min 400 manat;
Bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir.
Birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri.
Fərmanda bildirilir ki, bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50,0 (əlli) milyon manat vəsait ayrılması üçün tədbirlər görsün.