Son yeniləmə: 23 Dekabr 2021 13:25
Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş kitab ayrı-ayrı istiqamətlər üzrə 60 bölmədən ibarətdir
Bayraqdar.info – Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi əsasında Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Böyük yolun Müzəffər davamçısı” adlı kitab işıq üzü görüb. Kitabın məsləhətçisi və ön söz müəllifi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovdur.
“Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru, politoloq Nurlan Qələndərlinin müəllifi olduğu kitab həm Heydər Əliyev ideyalarının – Ümummilli Liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, həm də Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlərinin tarixi faktlar, bugünkü reallıqlar, müasir çağırışlar, perspektivlər və gələcək hədəflər baxımından tədqiqi üçün etibarlı mənbədir.
Bayraqdar.info-nun sualını cavablandıran N.Qələndərli deyib ki, kitabın strukturu, mövzuların və məsələlərin məzmunu, əhatə dairəsi nəşrin məsləhətçisi və ön söz müəllifi kimi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə müəyyənləşdirilərək işlənib.
Qeyd olunub ki, kitab ayrı-ayrı istiqamətlər üzrə 60 bölmədən, yəni 60 ayrıca mövzudan ibarətdir: “Bununla yanaşı, dünyanın nüfuzlu şəxsiyyətlərinin dövlət və hökumət başçılarının, tanınmış ictimai, siyasi və mədəniyyət xadimlərinin Prezident İlham Əliyev haqqında fikirlərinə yer verilib, 60 sitat diqqətə çatdırılıb. Eyni zamanda, 2003-cü ildən həyata keçirilən siyasətin nəticələrini və Azərbaycanın qazandığı sosial-iqtisadi uğurları əks etdirən 60 statistik göstəriciyə nəzər salınıb. Həmçinin kitabda dövlət başçısınin müxtəlif məsələlərlə əlaqədar fikirləri öz əksini tapıb”.
N.Qələndərlinin sözlərinə görə, nəşrdə cənab İlham Əliyevin liderlik keyfiyyətlərindən, inam və etimad ünvanı olan Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, xalq-lider birliyinin sabitliyin və inkişafın əsas amili olmasından, dövlət başçısının idarəetmə fəlsəfəsindən – xalqa xidmət nümunəsindən söhbət açılıb: “Həmçinin kitabda ənənə ilə müasirliyin vəhdəti olan ailə dəyərlərindən, tarixi ənənələrin yaşadılmasından, milli-mənəvi dəyərlərin qorunmasını hədəfləyən dövlət siyasətindən, milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıqdan, Azərbaycan dilinin qorunmasından və zənginləşdirilməsindən – xalqımızın milli-mənəvi sərvətinin gələcək nəsillərə ötürülməsindən, Azərbaycanın sabitlik adası, təhlükəsizlik məkanı və inkişaf diyarı olmasından, Azərbaycanın multikulturalizm modelindən – xalqımızın nümunəvi yaşam tərzindən, açıq cəmiyyət, hüquqi dövlət quruculuğundan, insan haqlarının qorunmasından, milli mediamızın inkişafına dövlət qayğısından, Prezident İlham Əliyevin jurnalistlərin dostu olmasından, müasir infrastruktur quruculuğundan, regionların sosial-iqtisadi inkişafı konsepsiyasından, Azərbaycanın dünya kosmos ailəsinə qoşulmasından, yeni Azərbaycanın dünyada təqdimatından, gələcək üçün sərmayə olan könüllülük hərəkatının önəmindən, gənclər və idman siyasətindən, sosial rifah cəmiyyəti quruculuğundan, islahatlar kursundan, o cümlədən siyasi dialoq prosesindən, yeni siyasi konfiqurasiyanın formalaşmasından bəhs edilib.
Eyni zamanda, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasəti, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilməsi, milli məzmunlu, qlobal əhəmiyyətli siyasətin beynəlxalq əməkdaşlığa və həmrəyliyə töhfələr verməsi, Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən dizayn olunması kimi məsələlər kitabda ayrıca istiqamətlər kimi faktlar və reallıqlar əsasında təhlil olunub. Bunlarla yanaşı, Vətən müharibəsində möhtəşəm tarixi Qələbənin qazanılması, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan və qalib Sərkərdə kimi işğaldan azad olunmuş ərazilərə tarixi səfərləri, postmüharibə dövründə Azərbaycanın yeni geostrateji reallıqlar yaratması, milli yaddaşın bərpası istiqamətində müvafiq işlərin görülməsi kimi məsələlərə xüsusi nəzər salınıb, analitik qənaətlər ifadə edilib”.
Müəllif bildirib ki, kitabda eyni zamanda Mehriban xanım Əliyevanın milli maraqlara və bəşəri dəyərlərə əsaslanan, Azərbaycanın inkişafına və qarşıda duran milli-strateji hədəflərə çatmağa xidmət edən fəaliyyətindən geniş bəhs edilib: “Sonuncu bölmədə isə Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm uğurlar qazanmasına, ölkə qarşısında yeni perspektivlər açılmasına, qarşıda mühüm milli məqsədlərin – strateji hədəflərin durmasına nəzər yetirilib, Prezident İlham Əliyevin “Bizi heç kim və heç nə dayandıra bilməz” fikri əsasında proseslərin bugünkü inkişafı təhlil olunub, perspektiv məsələlərə analitik baxış ortaya qoyulub.
“Böyük yolun Müzəffər davamçısı” adlı kitab özündə tarixi faktları, müasir reallıqlara, siyasi, iqtisadi, ictimai-sosial, mədəni-humanitar məsələlərə analitik yanaşmanı əks etdirən mənbə kimi oxucular, tədqiqatçılar üçün faydalı ola, yeni ideya istehsalına töhfə verə bilər”.