Son yeniləmə: 23 Dekabr 2021 08:13
Zakir İbrahimov: Əminəm ki, bundan sonrakı dövrdə də qarşıya qoyulan hədəflərə nail olacağıq
Bayraqdar.info – “Qarşımızda duran ən əsas vəzifə ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələrimizi vermək, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə öz dəstəyimizi göstərməkdir. Əminəm ki, bundan sonrakı dövrdə də qarşıya qoyulan hədəflərə nail olacağıq. Xüsusilə, qarşıdakı dövrlərdə digər mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atacağıq”.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən bayraqdar.info-ya verilən məlumata görə, bunu Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov dekabrın 22-də media nümayəndələrinə açıqlamasında bildirib.
Qeyd edək ki, 2021-ci ildə əldə edilən nəticə “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gələcəyə ümidlə baxmağa əsas verir. Z.İbrahimovun da vurğuladığı kimi “AzerGold”un 2021-ci il üçün qarşıya qoyulmuş hədəflərinin təmin edilməsi və operativ rəqəmlər başa vurmaqda olduğumuz ildə də ənənəvi müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır.
Daxili bazarda qızıl və gümüş məhsullarına təlabat kəskin artıb
Konkret rəqəmlərə gəlincə, öncə onu bildirək ki, qurumun istismar apardığı mədənlərdən cari ilin hasilat prosesi yekunlaşdırılıb: “Cari ildə 61,5 min unsiya qızıl hasil edilib. Bu ötən illə (60 min unsiya qızıl) ilə müqayisədə 2 faiz çoxdur. Gümüşün hasilatına gəlincə yanvar-dekabr ayları ərzində 135 min unsiyadan çox gümüş hasil edilib ki, bu da ötən illə (121 min unsiya gümüşlə) müqayisədə 11 faiz çoxdur”.
Yeri gəlmişkən, cari ilin əvvəlində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına təlabat kəskin artıb. İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən qızılın və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi ilə xüsusən pərakəndə satışda böyük canlanma yaranıb.
Z.İbrahimovun vurğuladığı kimi, “AzerGold” QSC daxili bazarda qiymətli metalların həm xammal, həm də istehsal edilmiş məhsullar (külçə və sikkələr) formasında satışını həyata keçirir: “Operativ rəqəmlərə əsasən, deyə bilərəm ki, bugünə qədər daxili bazarda ümumilikdə 3660 unsiya qızıl,14,6 min unsiya gümüşün satışı həyata keçirmişik. Sözügedən satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 milyon manat vəsait cəlb edilib (keçən il ilə müqaisədə 7 dəfə çox).
Satış mərkəzinin fəaliyyətə başlaması müsbət nəticəsini göstərib
Həmçinin daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı (“Azərsuvenir” MMC-yə) həyata keçirilib. Nəticədə dövriyəyə 3.7 milyon manat məbləğində vəsait cəlb edilib”.
Bildirilib ki, bəhs edilən dövrdə daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb edilib ki, bu da ümumi daxili satışın 70 faizidir: “Məhsullarımızın satışında kəskin artım xüsusilə satış mərkəzimiz fəaliyyətə başladıqdan sonra qeydə alınıb. Bilirsiniz ki, sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi.
Sentyabr ayından bugünədək ümumilikdə 2109 unsiya qızılın satışı həyata keçirilib və dövriyyəyə 6.9 milyon manatdan çox vəsait cəlb edilib ki, bu da öz məhsullarımızın illik satışının 87 faizdir”.
Yerli zərgərlik sənayesinin inkişaf etdirilməsi diqqət mərkəzindədir
İdarə Heyətinin sədrinin sözlərinə görə, təlabatın artması ilə məhsul çeşidlərinin və nəticə etibarı ilə QSC-nin daxili bazara yönəltdiyi qiymətli metalların həcminin də artırılmasını labüd edib: “Məhz bu səbəblə hasil etdiyimizin qızılın bir hissəsinin yeni növ məhsullar istehsal etməklə daxili bazara yönəltmişik. Bu da, ötən illə müqayisədə ixrac edilmiş qızıl və gümüşün həcminə nisbətən təsir etsə də, yerli pərakəndə bazarın kifayət qədər ciddi artımına səbəb olub”.
Bildirilib ki, “AzerGold” yerli zərgərlik sənayesinin inkişaf etdirilməsi, milli istehsalın stimullaşdırılması və həyata keçirilən islahatlara dəstək məqsədilə bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Açıqlamada eyni zamanda bəyan edilib ki, ümumilikdə, Cəmiyyət fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün satışına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib.
Bundan başqa hasilat həcminin artırılması, ixracın genişləndirməsi ilə yanaşı resursların artırılması istiqamətində də fasiləsiz olaraq işlər aparılıb. Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri icra edilib.
Eyni zamanda, istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq (179 min unsiyadan 4 milyon 447 min unsiyaya qədər) ümumilikdə 24 dəfə artırılıb.