Son yeniləmə: 22 Dekabr 2021 16:14
Sarıqamış hərəkatı məğlubiyyətə uğramasına rəğmən, əslində bir cəsarət və fədakarlıq nümunəsi kimi tarixə düşüb
Bayraqdar.info – “Osmanlı İmperatorluğu Birinci Dünya müharibəsində 7 cəbhədə mübarizə aparıb. Bu cəbhələrdən biri də Qafqaz cəbhəsi və bu bağlamda Sarıqamış hərəkatının olduğu Sarıqamış bölgəsidir”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Relyef və hava şərtləri nəzərə alınmamışdı
107 il əvvəl Sarıqamışda baş verənləri dəyərləndirən general bildirib: “Məlum olduğu kimi 1877-78-ci illər Osmanlı-Rusiya müharibəsində Osmanlı İmperatolruğu məğlub olmuş, Qars, Ardahan, Batum kimi bölgələr rusların əlinə keçmişdi. Osmanlı İmperatorluğu bu bölgədəki torpaqlarını geri almaq məqsədi ilə Sarıqamış hərəkatını icra etmişdir. Onu da qeyd edim ki, həmin vaxt ordunun ümumi tərkibi, rəhbər heyəti, texniki təhcizatı və hava şəraiti bu hərəkatın mümkünlüyünü şübhə altına alırdı. Ordunun tərkibi deyəndə mən onu nəzərdə tuturam ki, həmin vaxt Osmanlı ordusunun tərkibində Osmanlı əsgərlərilə yanaşı alman əsgərləri də xidmət edirdi. Bu hərəkat həm Osmanlının öz torpaqlarını işğaldan azad etmək, həm də Almaniyanın milli maraqları baxımımdan Rusiyaya qarşı olmaq istəyi ilə də diqqəti cəlb edirdi”.
Türkiyəli general qeyd edib ki, hərbi əməliyyatlar baxımından bu uyğun plan təsiri bağışlayırdı: “Lakin quruda keçiriləcək əməliyyat hava və relyef baxımından heç də əlverişli deyildi. Soyuq, çovgunlu qış günüdə, 22 dekabrda bu hərəkata başlanması doğru deyildi. Həmin vaxt orada qarın hündürlüyü bir adamın boyunu keçirdi. Dolayısı ilə Sarıqamış döyüşləri üçün hazırlanmış plan hərbi taktiki baxımdan uyğun bir plan olmasına rəğmən, hava şərtləri və relyef baxımdan uğurlu deyildi. Beləliklə, relyef və hava şəraitinin uyğunsuzluğu, ordunun daxilində Osmanlı və alman zabitləri arasındakı fikir ayrılığı, həmçinin İmperatorluq daxilindəki siyasi gərginlikdən dolayı hərəkat uğurlu ola bilmədi”.
Sarıqamışda da erməni xəyanəti
Qeyd edilib ki, Sarıqamış döyüşləri zamanı Osmanlının itkisi 60 minə bərabərdir. Bu 60 mindən yarısı ruslar tərəfindən döyüşdə şəhid edilsə də, yarısı, yəni 30 min nəfər də Allahu Əkbər dağları və ətrafında soyuqdan donaraq, şəhid olub.
Onu da deyək ki, bu hərəkatda da erməni xəyanəti öz rolunu oynayıb: “Belə ki, 1877-78-ci il müharibəsində olduğu kimi, bu hərəkat zamanı da erməni könüllü birlikləri rus əsgərlərinə dəstək verib, hərəkat zamanı Osmanlı ordusunu arxadan vuracaq şəkildə addım atıb. Ordu haqqında kəşfiyyat məlumatlarını ruslara ötürüb”.
Y.Karauzun sözlərinə görə, Sarıqamış hərəkatı boyunca Azərbaycan xalqı və hökuməti Osmanlıya çox böyük dəstək və yardım edib: “Həmin bölgələrdə yoxsul və kimsəsiz qalmış insanlar toplanaraq, öncə Tbilisiyə, daha sonra isə Azərbaycan gətirilib. Onlara arxa-dayaq olub Azərbaycan. Eyni zamanda Sarıqamış hərəkatı zamanı ruslar tərəfindən ələ keçirilən türk hərbi əsirlərinə Azərbaycan xalqı hər cür yardım etmək üçün addım atıb. Nargın adası başda olmaqla müxtəlif yerlərdə saxlanılan türk hərbi əsrlərini yemək və paltarla təmin etmək üçün işlər görülüb. Bu da Türkiyə-Azərbaycan qardaşlığının daha bir örnəyidir”.
“Sarıqamış hərəkatı bir daha göstərdi ki, nə qədər mükəmməl hərbi plan olsa da, relyef və hava şərtləri uyğun olmazsa o plan uğur qazana bilməz. Amma bu hərəkat məğlubiyyətə uğramasına rəğmən, əslində bir cəsarət və fədakarlıq nümunəsi kimi tarixə düşüb. Sarıqamış hərəkatında həyatını itirən 60 minə yaxın şəhidimiz və bütün şəhidlərimizi rəhmət, minnət və şükranla anıram. Ruhları şad, məkanları cənnət olsun”.