Son yeniləmə: 22 Dekabr 2021 10:23
Bayraqdar.info – Dekabrın 21-i gündəm təhsillə məşğul edildi. Səbəbsiz deyildi. Çünki təhsil naziri Emin Əmrullayev Prezidentin dekabrın 20-də bu sahə ilə bağlı verdiyi sərəncamlardan irəli gələn dəyişiklikləri ictimaiyyətə geniş təbliğ etmək, əlavə suallara cavab vermək üçün media önünə çıxmışdı.
Açığı, vaxt qıtlığından canlı yayımlanan bu görüşə baxa bilmədim. Lakin bir qulağım orada nə baş verdiyini izləmək üçün keşikdə idi. Və nələr eşitmədim, nələr?
Dərhal sosial mediada iddialar ortaya atıldı ki, nazir rüşvətə haqq qazandırır. Bu “haqq qazandırma” da nə imiş, sən demə məktəblərdə pul yığılmasını mümkün saydığını deyib. Yəni bunun yolverilən olduğunu. Hələ əlavə də edirdilər ki, “bəs necə, axı özünə də bundan pay çatır”…
Açığı, E.Əmrullayevi şəxsən tanımasam da az-çox bilirəm ki, ümumiyyətlə rüşvət və korrupsiyadan uzaq birisidir. Nazir kürsüsünə də məhz özəl şəxsi keyfiyyətlərinə görə gəlib çıxıb. Yəni işinə vicdanlı yanaşan modern bir idarəçidir.
Bununla belə, sosial mediada paylaşılan iddialar diqqətimi çəkdi və inanmasam da şəxsən dinləmədən münasibət bildirmək istəmədim. O üzdən nazirin 1 saat 20 dəqiqəlik çıxış və sual-cavabını anbaan dinlədim.
Qənaətim bu oldu ki, arzu edən hər kəsə istədiyi sualı verməyə imkan yaradıldı. Hətta təhsil sahəsini açıq tənqid edənlər də rahat şəkildə sual verdilər, polemikaya girdilər və E.Əmrullayev də onlara təmkinlə yanaşdı.
Verdiyi cavabların səmimiyyəti şübhə doğura bilməzdi. Çünki qeyd edilən qüsurları danmırdı, əksinə, varlığını qəbul edir və həlli üçün yollar haqqında fikirlərini paylaşırdı.
“Fond pulu” söhbəti
Əsas məsələ, əlbəttə ki, məktəblərdə ümumi adı “fond pulu” olan yığımlarla bağlı idi. Bir jurnalistin bu yöndə sualına cavab olaraq nazir bildirdi ki, “arzu edənlər məktəbə könüllü maddi dəstək verə bilər. Lakin bu iş hesabatlı və şəffaf şəkildə təşkil edilməlidir”. Yəni rəsmiyyət olmalıdır belə yığımlarda. Daha pullar kiminsə cibindən çıxıb bir başqasının cibinə axmamalı, o pullarla hansı işlərin görüldüyü haqqında bilgilər gizlədilməməlidir.
@azerhasret Təhsil naziri məktəblərdə pul yığmaqla bağlı nə dedi? #eminəmrullayev #təhsil #təhsilnaziri #fondpulu #məktəb #azərhəsrət #azerhasret
Belə bir açıqlama az-çox anlayışı olan hər kəs üçün kifayət qədər aydındır. Di gəl ki, sosial mediada naziri açıq şəkildə ittiham etdilər ki, bəs, rüşvət toplamaq üçün yaşıl işıq yandırdı.
Bu arada onu da qeyd edək ki, belə bir görüşün keçirilməsi, hətta tənqidçilərin belə açıq şəkildə sual verməsinə şərait yaradılması tərəfimizdən təqdir edilir. Bir dövlət görəvlisi məhz belə işləməlidir: mediaya, eyni zamanda hər cür suala açıq şəkildə. Özündən əmin olan, işinə vicdanla yanaşan, hesabat verməkdən çəkinməyən, şəffaf işləyən birisi niyə mediadan çəkinsin ki? E.Əmrullayevin dekabrın 21-də media önünə çıxması onun bu keyfiyyətlərinin yerində olmasının göstəricisidir.
Dilimizi kirlətmək olmaz
Təbii ki, tənqidi yönləri də oldu o görüşün. Bunlardan ən birincisi və hər zaman şəxsimi narahat edəni nazirin ara-sıra ingilis sözləri işlətməsi oldu. Ki, bunlara heç gərək yox idi. Biz illərdir dilimizi əsasən də rus kirindən təmizləməyə ona görə çalışmırıq ki, günün birində yeni adamlar meydana çıxıb onu ingiliscə kirlətsinlər. Ümid edək ki, hörmətli nazir bu xoşməramlı iradımızı nəzərə alacaq.
İkinci bir məsələ isə Azərbaycanda rəsmi akkreditasiyası olmayan bir media qurumunun o görüşdə iştirakına şərait yaradılmasına aiddir. Necə olur ki, dövlətin qanunlarının tələblərinə uyğun xarici media və ya onun təmsilçisi kimi akkreditasiyadan keçməyən şəxs tam bir nazirin media ilə görüşündə iştirak edə bilir? Təhsil Nazirliyinin bu işə məsul olan şəxslərinin bununla bağlı izahını eşitmək yaxşı olardı.
Ümumi qənaətim isə bundan ibarətdir ki, E.Əmrullayevin media önünə belə özgüvənlə çıxması təqdirəlayiqdir. Biz illərdir məhz belə şəxslərin kürsüləri doldurmasını arzu edirdik. Ki, onlar bizdən – mediadan qaçmasınlar. Amma təəssüflər olsun ki, cəmiyyətimiz hələ də bu qədər səmimi bir göstərişə hazır deyilmiş. Hazır olsaydı E.Əmrullayevin bu davranışını lağlağıya çevirməz, demədiyi sözləri uydurub həm onu, həm də bütövlükdə Azərbaycan hakimiyyətini gözdən salmağa çalışmazdılar.