Press "Enter" to skip to content

Qazaxıstanlı hakimlər “ASAN xidmət”in iş prinsipi ilə tanış olub

Son yeniləmə: 22 Dekabr 2021 12:37

Bayraqdar.info – “ASAN xidmət”ə bu günədək 49 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bu barədə Qazaxıstanın Ali Məhkəməsinin hakimlərindən ibarət nümayəndə heyətinin “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlığı zamanı bildirilib.

“ASAN xidmət”dən bayraqdar.info-ya dekabrın 22-də verilən məlumata görə, qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə ölkədə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

O da bildirilib ki, Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də qiymətləndirilib. Belə ki, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaqlara, həmçinin Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi fəaliyyət, həmçinin “İnnovasiyalar Mərkəzi” və “ABAD” publik hüquqi şəxsin fəaliyyətləri və nailiyyətləri barədə geniş məlumat verilib.

Qonaqlar ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəliyyəti ilə də tanış olublar. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.