Press "Enter" to skip to content

Mustafa Şentop: FETÖ-nün xaricdəki ayağını tamamilə yox etməyi hədəfləyirik

Son yeniləmə: 22 Dekabr 2021 08:29

Bayraqdar.info – Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şimali Makedoniyaya səfər edib. Səfər çərçivəsində Şimali Makedoniya parlamentində çıxış edən M.Şentop bir sıra maraqlı mesajlar verib.

Balkan News-un məlumatına görə, M.Şentop, dost olaraq xarakterizə etdiyi Şimali Makedoniya Respublikasına rəsmi səfəri çərçivəsində ölkə parlamentində çıxış etməkdən şərəf duyduğunu bildirib. Spiker Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın, TBMM üzvlərinin və türk xalqının salamlarını çatdırıb.

Türkiyə ilə Şimali Makedoniya arasındakı dostluğu dərin, güclü və səmimi olaraq xarakterizə edən M.Şentop, “Türkiyə Böyük Millət Məclisinin ilk sədri, Milli Mübarizəmizin böyük komandanı, ilk Cümhurbaşqanımız Qazi Mustafa Kemal Atatürkün müstəqillik ideyasının toxumlarını bu torpaqlarda inkişaf etdirdi”, – deyib.

“Mənim ailəmin böyükləri də bu gözəl ölkədən Türkiyəyə köçüblər. 1926-cı ildə Gevgeli mahalını tərk edərək Türkiyəyə gəliblər. Uşaqlığımızda bu yerlər haqqında dəfələrlə xoş xatirələr eşitmişik. Hər dəfə bura gələndə özümü böyük xoşbəxtlik və səmimi yaxınlıq dairəsində tapıram. Və özümü evimdə hiss edirəm. Bu hisslər sizin, bu gözəl ölkənin insanlarının qonaqpərvərliyindən, eləcə də tarixi əlaqələrimizdən qaynaqlanır. Biz nə fiziki, nə mənəvi, nə də qəlbən bir-birimizdən heç vaxt uzaq olmamışıq. Bu humanitar əlaqələr ölkələrimiz arasındakı münasibətlərdə də özünü göstərir”, – deyə M.Şentop əlavə edib.

Səfərinin Makedoniyanın müstəqilliyinin 30-cu ildönümünə təsadüf etdiyini vurğulayan M.Şentop, Şimali Makedoniyanın son 30 ildə hər sahədə ciddi irəliləyiş əldə etdiyinin şahidi olmaqdan məmnunluğunu ifadə edib.

Çıxışında FETÖ məsələsinə də toxunan M.Şentop Fətullahçı Terror Təşkilatının 15 iyul çevriliş cəhdindən 5 il keçdiyini xatırladıb:“İyulun 15-nə keçən gecə Türkiyə Silahlı Qüvvələrinə sızan FETÖ-çülər tərəfindən Türkiyə Böyük Millət Məclisi də daxil olmaqla bir çox qurum təyyarə və helikopterlərlə bombalanıb. Həmin gecə Sayın Cümhurbaşqanımızın rəhbərliyi ilə xalqımız bu çevriliş cəhdinin qarşısını almaq üçün qəhrəmancasına mövqe nümayiş etdirdi. Əzmkar mübarizədən sonra Türkiyədə FETÖ-nün onurğasını qırmağa müvəffəq olduq.

FETÖ-nün fəaliyyət göstərdiyi ölkələrdəki təsirini qırmaq üçün apardığımız mübarizədə də ciddi irəliləyişlər əldə etdik. Bu strukturun yad ayağını tamamilə ləğv etməyi hədəfləyirik. FETÖ xaricdə təhsil müəssisəsi və şirkət adı altında fəaliyyət göstərir. FETÖ-nün Şimali Makedoniyada da fəaliyyət göstərdiyini bilirik və buna son qoymaq üçün konkret addımların atılmasını gözləyirik. Dostumuz Şimali Makedoniyanın FETÖ-nün təkcə Türkiyə üçün deyil, yerləşdiyi bütün ölkələr üçün təhdid və milli təhlükəsizlik riski yaratdığını nəzərə almasını istəyirik”.

Mission News Theme by Compete Themes.