Son yeniləmə: 22 Dekabr 2021 15:16
Bayraqdar.info– Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə minimum əməkhaqları 2022-ci il yanvarın 1-dən etibarən 250 manatdan 300 manata yüksəldildi. Minimum əməkhaqlarının qalxması ölkə vətəndaşlarının yaşayışına hansı səviyyədə təsir göstərəcək?
Məsələ barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bayraqdar.info-ya açıqlama verib.
Deputat bildirib ki, minimum əməkhaqqı və bir sıra sektorlarda çalışan vətəndaşların əməkhaqlarının artırılması növbəti aydan etibarən icra olunacaq. “Yanvarın 1-dən etibarən biz həm minimum əməkhaqqı, həm də bir sıra kateqoriyalarda, xüsusilə də dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqlarında artımları müşahidə edəcəyik. Minimum əməkhaqlarının artması olduqca vacib və xüsusən də sosial baxımdan həssas hesab edilən vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Söhbət 800 mindən artıq vətəndaşı əhatə edəcək qərardan gedir. Təbii ki, minimum əməkhaqqı artımı növədti illərdə də davam etdiriləcək. Nəzərə alsaq ki, 2018-ci illə müqayisədə minimum əməkhaqqı 2 dəfədən çox artıb, ona görə də növbəti illərdə minimum əməkhaqqının artırılması prioritetdir”.
V.Bayramov bildirir ki, bütövlükdə, əməkhaqqı artımlarının həyata keçirilməsi sosial paketə uyğun olaraq vətəndaşların sosial təminatının daha da gücləndirilməsi məqsədi daşıyır.
Millət vəkili vurğulayır ki, bu sosial paket 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Bu istiqamətdə yalnız sosial paketin maliyyələşdirilməsi üçün 1.4 milyard manat vəsaitin ayrılacağı gözlənilir. Bütövlükdə isə 2022-ci ilin dövlət büdcəsi xərclərinin 46.4 faizi birbaşa sosial istiqamətə yönəldiləcək. Bu isə ondan xəbər verir ki, 2022-ci il sosial təminatın gücləndirilməsi baxımından fərqlənən illərdən olacaq.