Son yeniləmə: 22 Dekabr 2021 11:36
Bayraqdar.info – Prezident İlham Əliyev dekabrın 21-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, nazir Fatih Dönməz Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Recep Tayyip Erdoğana çatdırmağı xahiş edib.
“Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulandı, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmnunluqla qeyd edilib.
“Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub. Nazir F.Dönməzin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirilib.
“Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələr arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirilib”, – deyə məlumatda bildirilir.