Press "Enter" to skip to content

Ukrayna Azərbaycanlıları Radası qurultaya hazırlaşır

Son yeniləmə: 21 Dekabr 2021 13:28

Bayraqdar.info – Ukrayna Azərbaycanlıları Radası (UAR) öz uğurlu fəaliyyəti ilə seçilir. Belə ki, təşkilat pandemiya ilə əlaqədar qapanmalar nəticəsində Ukraynada çarəsiz qalmış 700-dək soydaşımıza Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) də yardımı ilə dəstək göstərib. Həmin soydaşlarımızı yer və ərzaqla təmin edib.

Bu barədə Kiyevdə DİDK əməkdaşlarının iştirakı ilə keçirilən UAR İdarə Heyətinin görüşündə bildirilib.

DİDK-dən bayraqdar.info-ya dekabrın 21-də verilən məlumata görə görüşdən əvvəl iştirakçılar Ukrayna paytaxtında Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət ediblər, əklil və gül dəstələri düzüblər.

Sonra UAR-ın qərargahında keçirilən iclasda təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə edilib. DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli UAR-ın fəaliyyətini, xüsusilə pandemiya və Vətən müharibəsi dövründə gördüyü işləri yüksək qiymətləndirib.

Bundan başqa, 44 günlük Vətən müharibəsi dövründə də dünyadakı bütün soydaşlarımız və diaspor təşkilatlarımız kimi, Ukraynadakı icmamız da istər informasiya savaşına, istərsə də ordumuza böyük maddi-mənəvi dəstəyini göstərməklə hər iki cəbhədə qazandığımız qələbəyə öz töhfəsini verib. Müharibədən sonra isə Ukraynadakı diasporumuz şəhid ailələri və qazilərimiz üçün “Yaşat Marafonu”na ən çox vəsait köçürən beş ölkədəki icmadan biri olub.

Görüşdə UAR-ın bundan sonra da səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilatlanma və birləşmə prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb. UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və İdarə Heyətnin üzvləri çıxış edərək, gələn ilin birinci yarısında Radanın təsis qurultayından sonra ilk hesabat-seçki qurultayının keçirilməsini təklif ediblər.

Eyni zamanda növbəti ildə təşkilatlanma ilə yanaşı, təbliğat işinin gücləndirilməsi, lobbiçilik, soydaşlarımızın inteqrasiyası, hüquqlarının qorunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər müzakirə edilib və bir sıra vacib qərarlar qəbul olunub.

Mission News Theme by Compete Themes.