Bayraqdar.info – “Bu çox önəmli bir qərardır. Çünki bu problemlə zaman-zaman biz də rastlaşmışıq. Hər universitetin ayrıca özü üçün imtahan keçirməsi qarışıqlığa, xaosa səbəb olur”.
Bunu bayraqdar.info-nun sualını cavablandıran Türkiyə səfirliyinin eğitim müşaviri Dr.Nihat Büyükbaş deyib. Xatırladaq ki, Türkiyə Ali Təhsil Şurasının (YÖK) aldığı qərara əsasən xarici ölkə vətəndaşları üçün keçirilən və Yabancı Öğrenci Sınavı (YÖS) kimi tanınan imtahan bundan sonra mərkəzləşdirilmiş qaydada və ildə bir dəfə keçiriləcək. Bu imtahan 2022-ci ildən etibarən ÖSYM (Öğrenci Seçim ve Yerleştirme Merkezi) tərəfindən keçiriləcək.
Beləliklə, bu qərarın bir çox problemlərin və narahatlıqların aradan qalxmasına səbəb olacağını deyən N.Büyükbaş daha sonra bildirib: “Türkiyədə 204 universitet var. Bu 204 ayrı imtahan deməkdir. Düzdür bunların hamısı Azərbaycanda imtahan keçirmir. Ancaq imtahan edənlərə də mərkəzləşdirilmiş şəkildə nəzarət edilə bilinmədiyi üçün təəssüf ki, bu, çoxsaylı problemlərin yaranmasına səbəb olurdu. Beləliklə, bu qərar həm Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclərin lazımsız formada çoxsaylı imtahanlara girməsinə son qoyur, həm də doğru, ədalətli təhsil almaq imkanı yaradacaq. Yəni, bu qərarın qəbulu ilə artıq hər kəs öz bilik və bacarığının imkan verdiyi sahəni, fakultəni, yaxud universiteti seçəcək. Bu, olduqca önəmli məsələdir. Çünki ÖSYM dediyimiz bu quruluş dünyada tərəfsizlik və obyektivlik baxımından ən keyfiyyətli bir imtahan keçirir. Ötən əsrin 70-ci illərinin əvvələrindən etibarən Türkiyə bu öyrənci seçmə və yerləşdirmə işini çox peşəkar şəkildə həyata keçirir. Yəni, Türkiyədə bir gənc universitetə qəbul olmaq üçün heç bir qapıya getmir. Sadəcə imtahana hazırlaşır və orada əldə etdiyi nəticəyə uyğun olaraq bir universitetə yerləşir”.
Müsahibimiz qeyd edib ki, hazırda Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı 25 mini keçib: “Hər keçən gün də bu say artır. Beləliklə, dediyim kimi bundan sonra gələn ildən etibarən ÖSYM bir mərkəzdən imtahan edəcək. Bununla bağlı elan veriləcək. O zaman biz də azərbaycanlı gənclərə qeydiyyat və digər işlərdə dəstək olacayıq ki, onlar imtahanda uğurlu şəkildə iştirak edə bilsinlər. İmtahanın nəticəsində isə onlar topladıqları bala görə seçdikləri universitetlərin birində oxumaq haqqı qazanacaqlar. Dolayısı ilə də həm gənclərin əlavə maliyyə itkisinə məruz qalmasının qarşısı alınır, həm də onların 5-8, bəzən isə 10 imtahana girməsinə son qoyulur. Bildiyiniz kimi gənclər hər universitet üçün ayrıca imatahan verir və bu zaman bir tədris ilində bir neçə dəfə imtahan həyacanı, psixoloji gərginlik yaşamalı olurdular. Digər tərəfdən də dediyim kimi hər imtahan üçün iştirak haqqı olaraq pul ödəyirdilər ki, bu da onların ailələri üçün əlavə maliyyə yükü yaradırdı. Ən nəhayət, tibb, diş həkimliyi, mühəndislik kimi fakultələrə qəbulda ən bacarıqlı və bilikli gənclər uğur qazanaraq, önə çıxacaqlar. Bundan da həm universitetlər qazanacaq, həm də həmin universitetlərə qəbul olan əcnəbi gənclərin ölkələri. Universitetlər ona görə ki, daha bacarıqlı tələbələrə sahib olacaqlar. Dövlətlər isə sözügedən sahədə gələcəkdə daha güclü kadrlara malik olacaqlar”.