Press "Enter" to skip to content

Kiyevdə Ukrayna azərbaycanlıları ilə görüş

Son yeniləmə: 21 Dekabr 2021 18:50

Bayraqdar.info – Kiyevdə Ukrayna azərbaycanlıları ilə görüş keçirilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşlarının iştirakı ilə keçirilən görüşlə yanaşı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.

Bu barədə bayraqdar.info-ya dekabrın 21-də DİDK-dən məlumat verilib.

Bildirilib ki, görüşdə paytaxt Kiyev də daxil olmaqla digər şəhərlərin gəlmiş 100 nəfərdən çox soydaşımız iştirak edib.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovun moderatorluğu ilə baş tutan görüşdə öncə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib, Vətənin azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən DİDK-nin Aparat rəhbəri Daşqın Rəcəbli bildirib ki, əvvəlki illərdən fərqli olaraq, biz artıq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində zəfər çalmış ölkənin nümayəndələri kimi görüşürük.

Dövlət Komitəsinin nümayəndəsi pandemiya və Vətən müharibəsi dövründə görülən işlərdən danışıb. Qeyd olunub ki,44 günlük müharibə dövründə dünyada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində Komitənin dəstəyi və diaspor təşkilatlarının təşkilatçılığı ilə2 00-dək tədbir baş tutub. Bu tədbirlərdə siyasi baxışından, düşüncəsindən, dini inancından və milliyyətindən asılı olmayaraq, bütün azərbaycanlılar, həmyerlilərimiz fəal iştirak edib. Bu gün Komitənin də əsas məqsədlərindən biri dünyadakı, o cümlədən Ukraynadakı azərbaycanlıların güclü birliyidir.

Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev AzərbaycanlılarıKonqresinin sədri Oleq Krapivin isə Ukraynada yaşayan azərbaycanlıların son illər daha da güclənən birliyindən danışıb. Bildirib ki, ölkəmizin 30 illik işğala son qoyması, qalib ölkə imicini qazanması dünyadakı bütün azərbaycanlılar kimi, onlara da böyük stimul verir.

O, Ukraynadakı gənclərin xüsusilə idman sahəsində qazandığı uğurları vurğulayaraq, bundan sonra da Azərbaycan naminə əzmlə mübarizə aparacaqlarını deyib.

Radanın digər həmsədri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov Vətən müharibəsi dövründə azərbaycanlıların Ukraynadakı fəaliyyətindən, qalib Azərbaycan Ordusunun diaspora verdiyi stimuldan danışıb. O qeyd edib ki, bu gün Ukrayna azərbaycanlılarının birliyi bu qələbənin daimiliyi uğrundadır.

Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov deyib ki, dünya azərbaycanlılarının birliyi ulu öndər Heydər Əliyevin hər zaman arzusu olub. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bu birliyin sayəsində Azərbaycanın qalib ölkəyə çevrildiyini xatırladaraq, bütün azərbaycanlıları daim bu birliyi qorumağa çağırıb.

Ukrayna Azərbaycanlıları Radasının Dnepropetrovsk üzrə nümayəndəsi Eldar Tağıyev,UAR-ın gənclər təşkilatının rəhbəri Vaqif Nağıyev, Poltava üzrə rəhbəri Füzuli Qənbərov, Nikolayev şəhər sovetinin “Xalqın xidmətçisi” partiyasından deputatı Ramil Əmirbəyov və digərləri çıxışlarında təkliflərini, fikirlərini açıqlayıblar. Sonda tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıdan gələn 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Görüşdən sonra Ukrayna rəsmiləri, millət vəkilləri, politoloqlar və müxtəlif bölgələrdən gələn azərbaycanlıların iştirakı ilə bayram konserti və ziyafət təşkil olunub. Konsertdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, müğənnilər Nataliya Kudryaşova, Vaqif Nağıyev və yerli musiqi qrupları çıxış edib.

Mission News Theme by Compete Themes.