Son yeniləmə: 21 Dekabr 2021 10:38
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin dəstəyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi İli” çərçivəsində hazırlanmış “İsgəndərə yeni namə” tamaşasının premyerası olub.
Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən xəbər verilib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artistlər Şövqi Hüseynov (Xızır), Elşən Rüstəmov (Əflatun), Kəmalə Müzəffər (yaşlı Rövşənək), İlqar Cahangir (İsgəndərus), aktyorlar Ziya Ağa (İskəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon) və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış ediblər.
““İsgəndərə yeni namə” layihəsi Nizami irsinin teatr sənəti vasitəsilə retranslyasiyasını hədəfləyir. Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır. Belə ki, yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas – “İsgəndərə yeni namə” poemasının xəyali sequelidir. Tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir. Bəlli olduğu kimi, invariantda İsgəndər Zülqərneynə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İsgəndər isə dünyadan köçür.
“Poemadan fərqli olaraq, tamaşada Makedoniyalı İsgəndər dirilik suyunu tapıb içir. Tamaşanın əsas hadisələr xətti İsgəndərin əbədi həyat qazanmasından sonra baş verən faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar üzərində qurulub.
“Vahid dövlət ideyasının, Yer kürəsini bir qütbdən idarə etmək iddiasının aqibətini təsvir edən tamaşanın yaradıcılarına görə, insan ədəbi həyatın yükünü çəkə bilməz, çünki insan Tanrı deyil”, – deyə xəbərdə bildirilir.