Press "Enter" to skip to content

İkidə bir məktəbə-müəllimə hücum çəkənlərədir sözüm

Azər Həsrət

Son yeniləmə: 21 Dekabr 2021 13:00

Bayraqdar.info – Bəzən mediada qarşımıza çıxır: filan məktəbdə müəllim şagirdin üstünə qışqırdı, uşağın ata-anası şikayət etdi. Yaxud da filan məktəbdə direktor uşağı tənbeh etdi, atası məktəbə hücum çəkdi. Və bunun ardınca da başlanır linç kampaniyası. Kimə qarşı? Təbii ki, məktəbə, müəllimə, təhsilə, direktora – ümumiyyətlə təhsilə dəxli olan hər kəsə qarşı.

Nə baş verir ölkədə? İnsanlarımız niyə belədir? Niyə təhsil almaq üçün göndərdikləri uşağa güldən ağır söz demək olmazmış? Demirik ki, şiddət olsun. Əlbəttə olmasın. Amma bəzən axı ailələrdən elə uşaqlar gəlir ki, məktəb onları sadəcə ram edə bilmir. Məcbur qalıb tənbeh tədbiri görməli olur. Müəllim də insandır, lap elə bəzən səsini də ucaldır. Çünki başqa yol qalmır.

Belə olanda da bir ailə, bir nəsil hücum çəkir məktəbə, müəllimin üzərinə. Təhsilin, məktəbin nüfuzu atılır ayaqlar altına, lap elə şagirdlərin gözü qarşısında çığırışmalar, saçyoldular dillərə düşür. Sonra da sosial mediada bu görüntülər sağa-sola paylaşılır…

Belə olmalıdırmı? Ümumiyyətlə məktəbin və müəllimin nüfuzu təkcə onların öz məsələsidirmi? Bizi axı belə öyrətməyiblər. Biz uşaqkən böyüklərimiz deyərdi ki, bala, müəllimlərinə hörmətsizlik etmə, məktəbin nüfuzunu unutma.

Haşiyə: Mən orta məktəbi doğma kəndim Dədəlidə, 1986-cı ildə bitirmişəm. Hardasa 9-cu sinifdə oxuyanda bir uşağı döymüşdüm. O da gedib böyük qardaşına xəbər vermişdi. Qardaş da əsgərlikdən təzə gəlmişdi deyə bir az özündən deyən idi. Gəldi məktəbə, məni dərsdən çıxanda qapıdaca tutdu, o ki, var döydü. Üst-başım toz içində yollandım evə. Yolda dayanıb özümü abıra saldım, amma tam olmadı. Pis döymüşdü məni. Evə çatanda halımdan anladılar ki, nəsə yerində deyil. Ötüşdürmək üçün yalandan dedim ki, futbol oynamışıq, yıxılıb üst-başımı bulamışam. Yəni qorxudan evdə gerçəyi demədim ki, atam-anam da əlavə tənbeh etməsin. Çünki bizimkilər uşağa görə məktəbin-müəllimin üstünə getməzdilər. Hətta məktəbdə müəllim bizi təpiyinin altına salsa belə (hərçənd belə hallar olmurdu) evdə deməzdik…

Bir şeyi heç anlamıram. Bizim də iki uşağımız son illərdə orta məktəbi bitirib. Bir dəfə də olsun o uşaqlarla bağlı məktəbə, müəllimlərinə irad bildirməmişik. Hətta uşaqların qiymətlərini haqsız yerə kəsənlər də olub müəllimlərdən. Ağız açmamışıq, narazılıq etməmişik. Çünki düşünmüşük ki, müəllimin, məktəbin işinə qarışmaq doğru deyil. Bizim uşağımız savadlıdırsa, savadlıdır. Ona veriləcək qiymət həqiqəti əks etdirmirsə, heç nə dəyişən deyil.

İndi niyə bəzi ata-analar adi bir sözə görə məktəbə hücum çəkir? Yəni siz istəmirsinizmi ki, müəllim uşağınızı oxutsun? Üstəlik də o hücum çəkənlərin ailələrində problem olur adətən. Uşağın psixikası evində pozulur, məktəbə gələndə evdəki gərginliyi də özüylə gətirir. Müəllim də insandır axı. Belə uşağa bir dəfə dözər, on dəfə dözər. Kiminsə tərbiyəsiz uşağına sonsuzadək dözmək kimi bir öhdəliyi yoxdur heç bir müəllimin.

Anlayışlı olaq. Məktəbin, müəllimin yanında olaq. Əgər istəyiriksə ki, məktəb həqiqətən də bizim uşaqlarımıza təhsil versin, onların şəxsiyyət kimi yetişməsini təmin etsin, ailələr bu işdə yardımçı olmalıdır. Yoxsa “uşağımın üstünə müəllim niyə səsini ucaltdı” deyib məktəbə hücum çəkməklə heç nəyə nail olmaq mümkün deyil. Əgər bir ailə müəllimin yeri gələndə uşağı tənbeh etməsinə dözümsüz yanaşırsa o uşaq əsla və əsla yaxşı oxuyan, yetişən deyil.

Hələ onu da əlavə edək ki, ailə tərbiyəsi normal olan heç bir uşaq məktəbdə problem yaratmır və yaşamır. Adətən ailəsinin içində tərbiyə, ədəb, əxlaq problemi olan uşaqlardır ortalığı qarışdıran. Belə uşaqları təcrübəli pedaqoqlar aşkar edir, onlarla tərbiyəvi iş aparır. Bu iş isə kompleks və fərdi yanaşma tələb edir. Əlbəttə, bəzən inandırma, şəxsi örnək, bəzən də yeri gələndə lap elə səs ucaltmaq lazım olur. Buna görə müəllimə hücum çəkərlərmi?..

Lap elə o hücum çəkənlər zəhmət çəkib onda öz uşaqlarını özləri tərbiyə etsinlər, məktəbə də ədəbi-əxlaqı yerində olan uşaq göndərsinlər. O ata-analara sual etmək istərdim: necə olur ki, siz evdəki bir uşağınızı düzgün tərbiyə edə bilmirsiniz, amma yüzlərlə, bəzən minlərlə şagirdin oxuduğu məktəbdən bunu tələb edirsiniz? Hansı haqla? Özünüz bir uşağı idarə edə bilmədiyiniz halda başqasından eyni zamanda müxtəlif xarakterli ailələrdən gəlmiş yüzlərlə uşağın tərbiyəsinə görə hesabat tələb edirsiniz?

Haşiyə: Son illərin ağıllı telefonları və sosial mediası bəzi adamların əl-qol açmasına da əlavə imkan yaradıb. Hətta elə ata-analar var ki, məqsədli şəkildə şərləmə üçün fürsət gəzirlər. Bundan da dəhşətlisi isə odur ki, məktəblərin içində işləyən bəzi şəxslər rəhbərliyi, elə məktəbin özünü gözdən salmaq üçün gizli çəkilişlər aparır, mediaya sızdırır. Belə ləyaqətsiz adamları, əlbəttə, təhsildən birdəfəlik uzaqlaşdırmaq lazımdır…

Məktəbin uğuru, təhsilin keyfiyyəti hər birimizdən asılıdır. Əgər biz ən adi məsələyə görə məktəbin, müəllimin üzərinə hücum çəkiriksə, normal təhsildən söhbət gedə bilməz. Müəllimlər təbiət etibarilə fədakar insanlardır. Onlar uşaqları yetişdirmək üçün özlərini fəda edirlər. Amma bu fədakar insanların da səbrinin bir həddi var axı. İndi hər gün bir neçə ata-ana “uşağımın üstünə səsini niyə qaldırdın” deyib müəllimi sıxışdırarsa o müəllim bezib “canınız cəhənnəmə” deməyə məcbur olmazmı?

Bizə görə məktəbdə uşaqların tənbeh edilməsi ikidə bir şişirdiləcək məsələ deyil. Ümumiyyətlə isə ata-analar elə davranmalıdır ki, uşağın məktəb qarşısında məsuliyyəti artsın. Biz öz uşaqlarımızla elə davrandıq, onları məktəbin öhdəsinə buraxdıq. Peşman da deyilik. Nəticə odur ki, indi hər ikisi universitet tələbəsidir, yaxşı və əla qiymətlərlə oxuyurlar. Həm də sayılıb-seçilən tələbələrdəndir. Halbuki şəxsən mən Əməkdar jurnalist, həyat yoldaşım Almaz Həsrət də Əməkdar müəllim olaraq məktəbin üstünə gedə bilərdik ki, uşağımıza “yaxşı” baxsınlar. Amma bunu bir dəfə də etmədik. Hətta müəllimlərə açıq dedik ki, bizim uşağımıza bizə görə fərqli yanaşmayın.

Demək istədiyim odur ki, hörmətli ata-analar, nənə-babalar, uşaqlarınızı məktəbə etibar edin. Əmin olun ki, heç bir müəllim sizin uşağınızın pisliyi üçün çalışmır. Əksinə, yeri gələndə üzərinə səsini belə ona görə ucaldır ki, uşağınız layiqli vətəndaş – şəxsiyyət kimi yetişsin…

Sözardı: İndi universitet tələbəsi olan hər iki uşağımıza tapşırmışıq ki, müəllimlərinə kimin uşağı olduqlarını deməsinlər. Əlbəttə, bunu gizlətmək həmişə mümkün olmur. Amma bizim uşaqlar heç vaxt “mən filankəsin qızı”, “filankəsin oğluyam” demir. Başlarını aşağı salıb dərslərini oxuyurlar, haqq etdikləri qiyməti alırlar…

Mission News Theme by Compete Themes.