Press "Enter" to skip to content

Ersin Tatar: Şəhidlərimizi unutmadıq, unutmayacağıq

Son yeniləmə: 21 Dekabr 2021 19:18

Bayraqdar.info – “Şəhidlərimizi unutmadıq, unutmayacağıq”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar 21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi münasibəti ilə yaydığı mesajda qeyd edib.

KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya dekabrın 21-də verilən məlumata görə, E.Tatar daha sonra bildirib: “Bu gün bir daha şəhidlərimizə, qazilərimizə, xalqımıza və bütün dünyaya səslənirəm; Biz heç vaxt dövlətimizdən, suverenliyimizdən, Ana Vətən Türkiyənin zəmanəti ilə türk əsgərlərindən vaz keçməyəcəyik. Yenidən 1974-cü ildən öndəki dövrə dönülməsinə və yeni qanlı miladların yaşanmasına imkan verməyəcəyik. Şəhidlərimizdən, tariximizdən, xalqımızdan, vətənimizdən aldığımız güclə mübarizəmizi davam etdirəcəyik. Kıbrıs heç vaxt Helen adası olmayacaq”.

E.Tatar, bu böyük mübarizə və müqavimətin sonunda 20 iyul 1974-cü il səhərinin yetişdiyini, Barış Hərəkatı ilə Kıbrısa sülh gəldiyini, Kıbrıs türk xalqının da Ana Vətən Türkiyənin himayəsi ilə öz azadlığına, müstəqilliyinə və dövlətinə sahib olduğunu vurğulayıb: “Əgər bu gün suveren, azad və müstəqil olaraq öz vətənimizdə, öz dövlətimizin damı altında yaşayırıqsa, bunu şəhidlərimizə, qazilərimizə, xalqımızın fədakarlığına və müqavimətinə, Ana Vətənimiz Türkiyəyə borcluyuq”.

E.Tatar mesajında bu sözlərlə bitirib:“Bu hiss və düşüncələrlə azadlıq və istiqlal liderimiz Dr. Fazıl Küçük, Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaş və şəhidlərimizi bir daha rəhmət və minnətlə yad edərkən, qazilərimizi də ehtiramla salamlayıram”.

Xatırladaq ki, 21 dekabr düz 58 il öncə 1963-cü ildə yunanlar və rumların Kıbrıs türklərinə qarşı başlatdıqları və tarixə “Qanlı Milad” kimi keçən silahlı hücumların ildönümüdür.

Həmin qanlı hadisələr nəticəsində 364 kıbrıslı türkün və 174 rumun həyatını itirdiyi, 8,667 kipr türkü yaşadıqları 103 kəndi tərk etdiyi bildirilir. Bəzi mənbələrdə isə həmin vaxt köç etmək məcburiyyətində qalan Kıbrıs türklərinin sayının 25-30 min olduğu deyilir.

KKTC-də hər il 21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi çərçivəsində Kıbrıs türk xalqının varlıq mübarizəsi və bu zaman şəhid olanların şanlı müqaviməti xatırlanır.

Mission News Theme by Compete Themes.