Press "Enter" to skip to content

Aşıq Ələsgər yaradıcılığından danışılıb

Aşıq Ələsgər

Son yeniləmə: 21 Dekabr 2021 16:45

Bayraqdar.info – Ustadlar ustadının 200 illik yubileyi qeyd olunub. Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli saz-söz ustadı Aşıq Ələsgərin (1821-1926) anadan olmasının 200 illik yubileyinə həsr olunan gecə keçirilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkil etdiyi tədbir Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən gerçəkləşib.

Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, aşıqlar, ictimaiyyət nümayəndələri iştirak edib.

“Yubiley gecəsində çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgərin Azərbaycan və Türk dünyası ədəbiyyatına, aşıq sənətinə verdiyi töhfələrdən söz açıb. O bildirib ki, ustad sənətkar çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Xalq ruhuna uyğun həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.

“Nazir qeyd edib ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət məktəb yaradıb, bu ulu sənətin yaşadılması üçün çalışıb. Bununla da o, gələcəyin məşhur el aşıq və şairlərinə qüvvətli təsir göstərib.

“Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu ulu sənətin 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi aşıq sənətinə ölkəmizdə yüksək diqqətin təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhərində sənətkarın heykəli qoyulacaq. Aşıq Ələsgər irsi xalqımızın yaddaşında əbədi yaşayacaq”, – deyə xəbərdə bildirilir.

Daha sonra tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgəri ustadlar ustadı kimi səciyyələndirib: “Ustad sənətkarın yaradıcılığındakı mükəmməlliyə və poetik gözəlliyə baxdığımız zaman belə qərara gəlirik ki, həqiqətən, onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layiqdir”.

Çıxışlardan sonra tədbirin bədii hissəsinə keçilib. Aşıqlardan Qələndər Zeynalov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Vüqar Qurbanov, Bəhmən Göycəli və digərləri çıxışlar ediblər.

Mission News Theme by Compete Themes.